AZ

Taker Karlson: ABŞ-nin Venesueladakı addımları Rusiyanın Ukraynaya müdaxiləsini tənqid edən Qərbin arqumentlərini zəiflətdi...

Jurnalist Vaşinqtonun siyasətinin Moskvanın “özünümüdafiə” iddialarını əsaslandırdığını bildirib...

Poliqon xəbər verir ki, amerikalı jurnalist Taker Karlson ABŞ-nin Venesuelada atdığı addımların Qərbin Rusiyanın Ukraynaya müdaxiləsini tənqid etmək üçün istifadə etdiyi arqumentləri faktiki olaraq puça çıxardığını bildirib. Onun sözlərinə görə, Vaşinqtonun son davranışı beynəlxalq münasibətlərdə ikili standartların daha açıq şəkildə görünməsinə səbəb olub və bu da Moskvanın mövqeyini dolayı yolla gücləndirir.

Karlson qeyd edib ki, ABŞ öz hərəkətləri ilə böyük dövlətlərin təhlükəsizlik maraqlarını qorumaq adı altında başqa ölkələrin daxili işlərinə qarışmasını legitimləşdirən presedent yaradıb.

“Niyə Rusiya kimi böyük bir dövlət özünü müdafiə edə bilməsin? Bizim, yəni ABŞ-nin indi rəhbər tutduğu qaydalar bunu mümkün sayır”, deyə Taker Karlson bildirib.

Jurnalistin fikrincə, Venesuelada baş verənlər beynəlxalq hüquq və suverenlik prinsiplərinin seçici şəkildə tətbiq edildiyini göstərir. O vurğulayıb ki, ABŞ öz maraqları naminə sərt güc elementlərinə və təzyiq mexanizmlərinə əl atdığı halda, eyni addımları atan digər dövlətləri, xüsusilə də Rusiyanı kəskin şəkildə tənqid edir. Bu isə Qərbin mövqeyinin inandırıcılığına ciddi zərbə vurur.

Karlson əlavə edib ki, Ukrayna müharibəsi ətrafında aparılan informasiya və diplomatik mübarizədə belə ziddiyyətlər Rusiyanın arqumentlərini beynəlxalq auditoriya üçün daha cəlbedici göstərə bilər. Onun sözlərinə görə, Qərb ölkələri öz siyasətlərini yenidən nəzərdən keçirməsələr, gələcəkdə oxşar böhranlarda mənəvi üstünlüklərini tamamilə itirə bilərlər.

Poliqon.info

Seçilən
46
poliqon.info

1Mənbələr