AZ

ABŞ Venesuelaya təzyiqi artırır: Vaşinqton neft şərtlərini sərtləşdirir

ABC News ABŞ administrasiyasının planları ilə tanış olan üç mənbəyə istinadən xəbər verir ki, Venesuela hakimiyyəti neft hasilatını artırmaq üçün icazə almadan əvvəl Ağ Evin irəli sürdüyü tələbləri yerinə yetirməlidir.

Məlumata görə, ABŞ administrasiyası bu tələbləri Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigesə göndərib. Tələblərin əsas məqamlarından biri Karakasın Çin, Rusiya, İran və Kuba ilə əməkdaşlığı dayandırması, həmin ölkələrlə iqtisadi əlaqələri kəsməsidir.

İkinci şərtə əsasən, Venesuela neft hasilatı və ixracı sahəsində yalnız ABŞ-la əməkdaşlıq etməli, xüsusilə ağır neftin satışında Amerika bazarına üstünlük verməlidir.

Mənbələrdən birinin bildirdiyinə görə, ABŞ dövlət katibi Marko Rubio 5 yanvarda qanunvericilərlə qapalı görüşdə Vaşinqtonun Venesuelaya təzyiq imkanlarının olduğunu qeyd edib. O, mövcud neft boru kəmərlərinin dolu olduğunu və ABŞ-ın hesablamalarına görə, Karakasın neft ehtiyatlarını sata bilmədiyi təqdirdə bir neçə həftə ərzində maliyyə baxımından müflis ola biləcəyini vurğulayıb.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Venesuelanın müvəqqəti hakimiyyətinin ABŞ-a 30–50 milyon barel neft ötürəcəyini açıqlamışdı. Onun sözlərinə görə, neft bazar qiymətləri ilə satılacaq və əldə edilən vəsaitlərin “Venesuela və ABŞ xalqlarının rifahı naminə istifadəsinə” şəxsən nəzarət edəcək.

Qeyd edək ki, Venesuela dünya üzrə ən böyük neft ehtiyatlarına malik ölkələrdən biridir və qlobal ehtiyatların təxminən 17 faizi bu ölkənin payına düşür. Lakin illərdir davam edən yanlış idarəetmə, milliləşdirmə siyasəti və beynəlxalq sanksiyalar səbəbindən Venesuela hazırda dünya neftinin 1 faizindən azını istehsal edir.

2025-ci ilin dekabr ayının ortalarında Donald Tramp Venesuelaya gedən bütün sanksiyaya məruz qalmış tankerlərə qadağa tətbiq edib. Yanvarın 3-də Nikolas Maduronun Amerika qüvvələri tərəfindən ələ keçirilməsindən sonra ABŞ prezidenti neft embarqosunun qüvvədə qalacağını bir daha təsdiqləyib.

Seçilən
40
veteninfo.az

1Mənbələr