AZ

WSJ: ABŞ Venesuela nefti üzərində uzunmüddətli nəzarət planı hazırlayır...

Vaşinqtonun təşəbbüsü ölkənin dövlət neft şirkətinin fəaliyyətinə birbaşa təsiri nəzərdə tutur...

Poliqon xəbər verir ki, The Wall Street Journal mənbələrə istinadən ABŞ hakimiyyətinin Venesuelanın neft sənayesi üzərində illərlə davam edəcək genişmiqyaslı nəzarət planı hazırladığını yazıb. Nəşrin məlumatına görə, bu təşəbbüs ABŞ-nin regiondakı enerji təsirini gücləndirməyə yönəlib.

Məqalədə qeyd olunur ki, prezident Donald Tramp və onun müşavirləri Venesuelanın neft sənayesində dominant mövqe tutmağa hesablanmış geniş strategiya üzərində işləyirlər. Tramp yaxın ətrafına bildirib ki, bu səylər dünya neft qiymətlərinin onun arzuladığı səviyyəyə, bir barel üçün təxminən 50 dollara qədər enməsinə kömək edə bilər.

WSJ-nin yazdığına görə, plan ABŞ-nin Venesuelanın dövlətə məxsus neft şirkəti Petroleos de Venezuela SA (PdVSA) üzərində müəyyən nəzarət mexanizmləri əldə etməsini nəzərdə tutur. Buraya neft hasilatının, eləcə də neft məhsullarının alqı-satqısının əhəmiyyətli hissəsinin ABŞ tərəfindən yönləndirilməsi daxildir.

Nəşrin həmsöhbətləri bildiriblər ki, bu cür addımlar Venesuelanın enerji sektorunda qərarların qəbuluna ciddi təsir göstərə, eyni zamanda qlobal neft bazarlarında qiymətlərin formalaşmasına ABŞ-nin təsir imkanlarını genişləndirə bilər. Ekspertlərin fikrincə, belə bir plan reallaşacağı təqdirdə, həm Venesuelanın suveren iqtisadi siyasəti, həm də beynəlxalq enerji balansı baxımından mühüm nəticələr doğura bilər.

Poliqon.info

Seçilən
50
poliqon.info

1Mənbələr