Bakı, 8 yanvar, AZƏRTAC
Regionlarda nağdsız ödənişlərin payının paytaxtla müqayisədə aşağı olması təbiidir. Çünki regionlardakı ticarət dövriyyəsi ilə Bakıda mövcud olan dövriyyə arasında ciddi fərqlər var.
Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, ikinci mühüm amil regionlarda yaşayan əhalinin müasir texnoloji yeniliklərdən və rəqəmsal tətbiqlərdən istifadə səviyyəsinin paytaxtla müqayisədə xeyli aşağı olmasıdır. Üçüncü səbəb isə regionlarda nağdsız ödənişlərin tətbiqi üçün mövcud infrastrukturun yetərli olmamasıdır.
“Regionlardakı mağaza və dükanlarda POS-terminalların ya ümumiyyətlə olmadığını, ya da işləmədiyini tez-tez müşahidə etmək mümkündür. Bu hal regionların əksər hissəsində təkrarlanır və satıcılar bunu özlərindən əmin şəkildə ifadə edirlər. Hətta bəzi ticarət obyektlərinin bu səbəbdən cərimələnməkdən də çəkinmədiyi müşahidə olunur”, - deyə ekspert qeyd edib.