Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) yanvarın 6-da “Ərəbistanlı Lourens” kimi tanınan britaniyalı zabit və kəşfiyyatçı Tomas Edvard Lourenslə bağlı arxiv sənədini yayımlayıb.
MİT-in rəsmi saytında dərc olunan sənəddə Lourensin hərbi geyimdə fotosu və Yaxın Şərqdəki fəaliyyətləri ilə bağlı kəşfiyyat məlumatları yer alır.
Təşkilatın məlumatına görə, Lourens müxtəlif təxəllüslər və obrazlarla Misir, Suriya və İraqa səyahət edib. Sənəddə bildirilir ki, o, Misirdə saxta ad altında qaldıqdan sonra Suriya və İraqa, daha sonra Qüdsə gedib, son olaraq isə Sudanın Xartum şəhərində məskunlaşıb.
Sənəddə həmçinin bildirilib ki, Lourens Qüdsdə olduğu müddətdə bəzən müsəlman dini müəllimi, bəzən də yəhudi ravvin kimi fəaliyyət göstərib və həm müsəlman, həm də yəhudi icmaları ilə görüşlər keçirib. Onun yerli əhaliyə təxribatçı mesajlar vasitəsilə təsir göstərməyə çalışdığı irəli sürülür.
Sənəddə Osmanlı dövrü kəşfiyyat rəsmilərinin Misir, Fələstin və Sudandakı Britaniya siyasəti ilə bağlı qiymətləndirmələri, regionda iğtişaşları qızışdırmaq və siyasi inkişaflara təsir göstərmək səyləri də yer alır.
1929-cu il 23 sentyabr tarixli sənəd MİT-in “Xüsusi kolleksiya”nın “Sənədlər” bölməsinə əlavə edilib.