Bakı, 8 yanvar, AZƏRTAC
Artan geosiyasi gərginliklər fonunda ilin əvvəlindən bəri dövlət və korporativ istiqrazlar üzrə qlobal satışlar kəskin artıb.
AZƏRTAC xəbər verir ki, ABŞ, Avropa və Asiyadakı korporasiyalar və hökumətlər ilin əvvəlindən bu vaxtadək müxtəlif valyutalar üzrə təxminən 260 milyard dollar borc götürüblər. Bu da rekord göstəricidir.
ABŞ-da investisiya dərəcəli kredit reytinqinə malik təxminən 40 şirkət bu həftə ərzində 72 milyard dollarlıq istiqraz satıb. Bu, indiyədək Birləşmiş Ştatların istiqraz bazarında ən qızğın iki günlük dövr olub. Həftə ərzində ümumi emissiyanın pandemiya dövründə stimullaşdırıcı tədbirlərin bazarları gücləndirdiyindən bəri ən yüksək həcminə çatacağı gözlənilir.
Avropada da istiqraz satışları ilə dinamik başlayıb və avro istiqrazlarında artım qeydə alınıb. Belə ki, şirkətlər və hökumətlər ötən gün bazarda 57 milyard avrodan (66,6 milyard dollar) çox vəsait toplayıb və rekord göstərici qeydə alınıb.
Bununla yanaşı, Asiyadakı borcalanlar istiqraz təklifinə başlayıb, dövlət və xəzinə istiqrazları artıb. Avstraliyada istiqraz satışları, Yeni Zelandiyada isə hökumətin borcu artıb.
Ekspertlərin fikrincə, hər iki yarımkürədə artan geosiyasi gərginlik həvəsli alıcıları çəkindirməyib. Bununla da hər sektordan olan investorların “risk iştahası” fonunda qlobal istiqraz satışlarında ən qızğın il başlanğıcı qeydə alınıb. Şirkətlər müsbət investor əhval-ruhiyyəsindən yararlanmaq və illik borclanma planlarını qabaqlamaq üçün müxtəlif müddətli çoxtranşlı istiqrazlar buraxırlar. Nəticədə istiqraz bazarında təklif tələbi üstələyib. Eyni zamanda, bu müddət ərzində korporativ istiqraz bazarı da aktiv olub.