AZ

Boşanmalar və aliment həbsləri artır: Aliment Fondunun yaradılması isə yubanır

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Azərbaycanda boşanmaların sayının artması aliment ödənişi ilə bağlı problemi də daim aktual saxlayır. Təsadüfi deyil ki, boşanmalarla paralel aliment ödənilməməsinə görə həbslərin sayı da durmadan artır.

Bizimyol.info xəbər verir ki, 2025-ci ilin yekun statistikası hələlik məlum olmasa da, ilk 9 ayda olan boşanmalarla bağlı rəqəmlər açıqlanıb. Məlum olub ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 15 min 480 boşanma halı qeydə alınıb.

Məhkəmə icraçılarının bildirdiyinə görə, İcra və probasiya şöbələrində aliment ödənişləri ilə bağlı icra olunmayan minlərlə qərar var. Bəzən alimenti ödəməli olan tərəf qərəzli şəkildə bilərəkdən pulu vermək istəmir, bəzən isə imkansızlıqdan bu qərarı icra edə bilmir.

“Elə hal olur ki, pulu var, amma keçmiş həyat yoldaşına vermək istəmir. Anlamır ki, alimenti öz övladına verir, keçmiş həyat yoldaşına yox. Ona elə gəlir ki, keçmiş həyat yoldaşı onun pulunu alıb, özünə xərcləyəcək. Bəzən də elə olur ki, görürsən, adamın həqiqətən ödəməyə imkanı yoxdur. Ya işsizdir, ya uşaq sayı çoxdur deyə, alimentin məbləği də yüksəkdir, ödəmək imkanı yoxdur. Hətta elə hal da olur ki, adam xəstədir, özünün vəziyyəti yaxşı deyil. Amma məhkəmə icraçısı neyləyə bilər, bizim işimiz qərarın icrasını təmin etməkdir. Bu məsələləri araşdırıb qiymət vermək məhkəmənin işidir”, - adının çəkilməsini istəməyən icraçı Bizimyol.info xəbər portalına bildirib.

Aliment problemi artıq xeyli müddətdir ki, Aliment Fondunun yaradılmasını gündəmə gətirib. Belə bir Fondun yaradılmasını istər Ombudsman, istərsə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi irəli sürüb. Mövzu dəfələrlə parlamentdə müzakirə olunub.

Təklif olunur ki, problem yarananda aliment Fondun hesabına ödənilsin, sonra həmin vəsaiti dövlət özü borclu tərəfdən alsın.

Aliment Fondunun yaradılması təklifini deputatların bir çoxu da müsbət qarşılayır. Mövzu uzun müddətdir müzakirə olunsa da, belə bir qurumun yaradılması yubanır.

Hüquqşünas Tərlan Yusifzadə deyir ki, Aliment Fondu nə qədər tez yaradılsa, bir o qədər yaxşı olar. Çünki illərlə aliment ala bilmədiyinə görə uşaqlarını saxlamaqda maddi baxımdan çətinlik çəkən valideynlərin yükü nisbətən azalar. Bununla belə, əlavə edir ki, Aliment Fondunun yaradılması üçün ilk növbədə onun hüquqi bazası olmalıdır: “Aydınlaşmalıdır ki, bu fond hansı mənbədən, necə maliyyələşir. Oradan ödənilən vəsait sonradan borcludan necə tutulacaq. Bütün bunlar konkret hüquqi normalarla tənzimlənəsi məsələlərdir. Hüquqi baza isə hələ yoxdur. Ona görə də Aliment Fondunun qısa müddətdə yaradılmasını şəxsən mən gözləmirəm”.

Hüquqşünas əlavə edib ki, beynəlxalq təcrübədə Aliment Fondu işlək institutdur.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
icma.az

1Mənbələr