ain.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.
“İranda baş verən son hadisələr sadəcə etiraz dalğası deyil, dərin və sistemli bir böhranın təzahürüdür”.
“AzPolitika” bildirir ki, bu fikirləri Xəzər Universitetinin professoru, tanınmış siyasi təhlilçi Ramiz Yunus İrandakı mövcud vəziyyəti və rejimin gələcək taleyini analiz edərəkən deyib.
Professor İranın hazırkı mənzərəsini SSRİ-nin süqutu dövrü ilə müqayisə edərək, maraqlı paralellər aparıb.
"Pezeşkian – İranın Mixail Qorbaçovudur"
Ramiz Yunus bildirib ki, Azərbayca türkü olan prezident Məsud Pezeşkian hakimiyyət tərəfindən cəmiyyətin "buxarını çıxarmaq" və qarşıdurmanı yumşaltmaq üçün irəli sürülmüş bir fiqurdur.
Ekspert qeyd edir ki, İranın bugünkü tarixi mənzərəsi Sovet İttifaqının son illərini xatırladır: "O zaman da iqtisadi böhran, ideoloji yorğunluq və Əfqanıstan avantürası SSRİ-ni zəiflətmişdi. İndi də İran eyni vəziyyətdədir və hakimiyyət birbaşa repressiya əvəzinə, Pezeşkianın simasında “nəzarətli yenidənqurma” modelini işə salıb. Bu, azadlıq kimi təqdim olunsa da, əslində sistemi xilas etmək cəhdidir. Lakin tarix göstərir ki, SSRİ-də Qorbaçovun gəlişi ilə başlayan proses Yeltsinlə, sonda isə xüsusi xidmət orqanlarının hakimiyyəti Putin vasitəsilə geri qaytarması ilə nəticələndi".
Etirazların kökündə nə dayanır?
Professor vurğulayıb ki, etirazların əsas səbəbi iqtisadiyyatın çöküşüdür. Sanksiyalar, inflyasiya, işsizlik və korrupsiya cəmiyyəti çıxılmaz vəziyyətə salıb: "Dövlət resursları vətəndaşların rifahına deyil, ideoloji layihələrə, daxili nəzarətə və xarici proksilərə xərclənir. Hicab məsələsi sadəcə bir katalizator idi, əslində cəmiyyət artıq partlayış həddində idi".
Etnik qrupların və farsların mövqeyi
Ramiz Yunus ölkədəki etnik rəngarəngliyin etirazlara təsirini belə təhlil edib:
Azərbaycanlılar: Onların passivliyi barədə gəzən söz-söhbətlərə rəğmən, azərbaycanlılar daha ehtiyatlı davranırlar. Çünki liderlərin bir çoxu mərkəzi hakimiyyətlə bağlıdır və radikal addımlar böyük risklər daşıyır.
Kürdlər, Bəluclar və Ərəblər: Kürdlər muxtariyyət ümidi ilə prosesləri kənardan izləyir. Bəluclar iqtisadi marginallaşmaya görə narazıdırlar, lakin SEPAH-ın sərt nəzarəti onları ehtiyatlı olmağa məcbur edir. Ərəblər isə hələlik kütləvi iştirakdan yayınaraq lokal problemlərə fokuslanıblar.
Farslar: Əhalinin 40%-ni təşkil edən farslar arasında gənc aktivistlər ön cəbhədədir. Məhz onların etirazı rejimin legitimliyinə ən ciddi zərbəni vurur.
İran üçün üç mümkün ssenari
Ekspert hadisələrin inkişafı ilə bağlı üç variantı masaya qoyub:
Evolyusiya (Yumşaq keçid): Pezeşkian kosmetik islahatlarla xalqı sakitləşdirir, lakin sonda hakimiyyət yenidən SEPAH və xüsusi xidmət orqanlarının nəzarətinə (Rusiya modeli – Putin variantı) keçir.
Sərt ssenari: Elita özünə təhlükə hiss edərsə, etirazlar qan içində boğulur. SEPAH-ın bu istiqamətdə böyük təcrübəsi var.
Nəzarətdən çıxma: Elitadakı daxili çatlar və küçənin təzyiqi 1991-ci ilin QKÇP qiyamına bənzər bir prosesə və inqilaba yol açır.
Beynəlxalq faktor və Moskva ilə əlaqələr
Ramiz Yunusun fikrincə, ABŞ və İsrailin birbaşa hərbi müdaxiləsi inandırıcı deyil, çünki bu, rejimi daha da konsolidə edə bilər. Onlar hələlik müşahidə mövqeyindədirlər.
Professor Əli Xamenei ilə Məsud Pezeşkian arasındakı fikir ayrılıqlarını isə "rolların bölüşdürülməsi" adlandırıb: "Xamenei xarici düşmənləri günahlandıraraq sistemi qorxudur, Pezeşkian isə “səhvlərimiz var” deyərək cəmiyyəti sakitləşdirir".
Xameneinin Moskvaya gözlənilən səfərinə toxunan ekspert, bunu rejimin Rusiyadan strateji asılılığı kimi qiymətləndirib: "Moskva Tehran üçün həm təhlükəsiz liman, həm də Qərbə qarşı təzyiq alətidir".
Təhlilinin sonunda Ramiz Yunus Otto fon Bismarkın məşhur kəlamını xatırladıb: "İnqilabları dahilər hazırlayır, fanatlar həyata keçirir, bəhrəsini isə əclafalar görür".
O, İranın bu "yenidənqurma" cəhdinin sistemi xilas edəcəyini, yoxsa süqutunu sürətləndirəcəyini zamanın göstərəcəyini vurğulayıb.
Rasim Əliyev
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.