AZ

Süni İntellekt Akademiyası: rəqəmsal gələcəyin kadr mərkəzi

Süni intellekt (Sİ) bu gün rəqəmsal iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Bu reallığı nəzərə alan ölkələr süni intellekt sahəsində kadr hazırlığına və təhsilə yatırımları sürətlə artırır. Ölkəmizdə də bu istiqamətdə bir sıra təşəbbüslər irəli sürülüb və Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası çərçivəsində yaradılmış Süni İntellekt Akademiyası (AI Academy) buna ən yaxşı nümunədir. Süni intellekt layihələrinin inkişafına və bu sahədə ixtisaslı kadrların yetişdirilməsinə fokuslanan mərkəz yeni texnologiyaların praktik tətbiqini əsas hədəf seçib. Qurumun təhsil eksperti Şəhriyar Məmmədlivergiler.az”a akademiyanın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Yüksəkixtisaslı kadrların hazırlanması
Akademiyanın yaradılmasında əsas məqsəd ölkədə süni intellekt sahəsində mövcud olan kadr çatışmazlığının aradan qaldırılması, Sİ texnologiyalarının dövlət və özəl sektorda real və praktik tətbiqinin sürətləndirilməsi, eləcə də rəqabətqabiliyyətli milli süni intellekt ekosisteminin formalaşdırılmasıdır. Strategiyaya uyğun olaraq, akademiya 2028-ci ilin sonuna qədər 500 yüksəkixtisaslı süni intellekt mühəndisi yetişdirmək niyyətindədir. Ş.Məmmədlinin sözlərinə əsasən, müxtəlif dövlət qurumlarından 500 əməkdaşa “Menecerlər üçün süni intellekt” təlimlərininin keçirilməsi də hədəflər sırasındadır.

Həmsöhbətimizin dediklərindən belə məlum olur ki, bu tədris müəssisəsinin əsas missiyası süni intellekti yalnız nəzəri bilik səviyyəsində bilən deyil, onu birbaşa iqtisadi fəaliyyətə, sənaye proseslərinə və dövlət idarəçiliyinə tətbiq edə bilən mütəxəssislər yetişdirməkdir. Yəni hazır alətlərdən istifadə edən deyil, problemləri analiz edən və sıfırdan həll qura bilən mühəndislər formalaşdırılacaq.

Tam təqaüdlü təhsil, 7 minə yaxın müraciət

Ş.Məmmədlinin sözlərinə əsasən, “AI Academy”də təhsil 100 faiz təqaüdlü əsaslarla həyata keçirilir. Yəni akademiyada süni intellekt mühəndisi olmaq üçün lazım olan bütün biliklər sıfırdan və tam təqaüdlü şəkildə öyrədilir. Proqrama riyaziyyat, informatika, mühəndislik və digər texniki sahələr üzrə baza biliyi olan, analitik düşünmə qabiliyyətinə malik və intensiv “bootcamp” formatında təhsil almağa hazır olan şəxslər müraciət edə bilirlər. Qəbul prosesi yaş amilinə görə deyil, namizədlərin riyazi hazırlığı, məntiqi düşüncə tərzi və motivasiyası əsasında aparılır.

Hazırda Süni İntellekt Akademiyasına yeni qeydiyyat başlayıb. Qeydiyyatdan keçmək üçün www.aiacademy.az veb-saytına keçid edib müvafiq formanı doldurmaq kifayətdir. Akademiya məzunları gələcəkdə dövlət və özəl sektorda süni intellekt əsaslı həllərin hazırlanması və tətbiqi sahələrində fəaliyyət göstərəcəklər.Ümumilikdə akademiyaya 6 min 750 müraciət daxil olub ki, bunlardan da 89 nəfər qəbul olunmaq şansı qazanıblar. Müraciətlərin çox, qəbul edilənlərin isə az olmasına aydınlıq gətirən Ş.Məmmədli bunu tədris ocağının seçim meyarlarının yüksək olması ilə əlaqələndirir.

Gələcək hədəflər: beynəlxalq əməkdaşlıq və “AI Engineering”

Akademiya akademik mühitlə əməkdaşlığı strateji prioritet kimi müəyyən edib. Ş.Məmmədli 2025-ci ilin dekabr ayı ərzində həyata keçirilmiş beynəlxalq layihələrdən söz açaraq qeyd edir ki, ABŞ-nin məşhur Stanford Universitetinin Mühəndislik Məktəbinin Qlobal və Onlayn Tədris Mərkəzinin akademik heyəti tərəfindən ölkəmizin müxtəlif dövlət orqanlarından olan rəhbər şəxslər üçün “Menecerlər üçün süni intellekt” təlimi təşkil edilib. Bundan əlavə, Naxçıvan Dövlət Universiteti ilə təhsil, tədqiqat və innovasiya istiqamətləri üzrə əməkdaşlığın əsası qoyulub. Akademiyanın təhsil eksperti deyir ki, digər yerli və beynəlxalq universitetlərlə əməkdaşlıq istiqamətində müzakirələr aparılır və gələcəkdə birgə tədris proqramları, tədqiqat layihələri və elmi əməkdaşlığın qurulması planlaşdırılır.

Deyilənlərdən o da aydın olur ki, gələcəkdə “AI Engineering” tədris mərhələsinə keçid, yeni ixtisaslaşmış proqramların tətbiqi, dövlət və sənaye üçün real Sİ layihələrinin hazırlanması, geniş beynəlxalq tərəfdaşlığın qurulması əsas hədəflər sırasındadır.

Faiq KƏRİMOĞLU

Seçilən
40
50
vergiler.az

10Mənbələr