Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin 8 dildə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2025-ci ilin yanvar-sentyabr dövrünü əhatə edən buraxılışı nəşr olunub. Nəşrdə TDT-yə üzv ölkələrdə makroiqtisadi göstəricilərin dinamikası, xarici ticarət, fiskal inkişafları və struktur transformasiya meyillərinə dair əhatəli qiymətləndirmə əks olunub. İqtisadi statistikaya əsasən, 2025-ci ilin ilk 9 ayı ərzində TDT ölkələrində Ümumi Daxili Məhsul (ÜDM) artım tempi təxminən 6 faiz təşkil edib ki, bu da qlobal iqtisadi artımın təxminən 3 faizlik səviyyəsindən xeyli yüksəkdir. Hesabat dövründə TDT ölkələrinin ümumi ÜDM-i 1,79 trilyon dollara çataraq qlobal ÜDM-in təxminən 2 faizini formalaşdırıb. Qırğızıstanda ÜDM artımı təxminən 10 faiz, Özbəkistanda 7,2 faiz, Macarıstanda 6,5 faiz, Şimali Kiprdə 6,4 faiz, Qazaxıstan və Türkmənistanda isə təxminən 6,3 faiz səviyyəsində qeydə alınıb. Türkiyədə iqtisadi artım 4 faiz ətrafında formalaşıb. Azərbaycanda isə 1,3 faizlik iqtisadi artım təmin olunub.
Xarici ticarət iqtisadi fəallığın əsas dayaqlarından biri olaraq qalır. 2025-ci ilin yanvar-sentyabr aylarında TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 958,5 milyard dollara çataraq qlobal ticarətin təxminən 3,6 faizini təşkil edib. Bu göstərici regionun qlobal ÜDM-dəki payından yüksək olmaqla, TDT iqtisadiyyatlarının xarici inteqrasiyasının dərinliyini əks etdirir. Enerji ixrac edən ölkələr ticarət profisitlərini qoruyub. Azərbaycanda ticarət profisiti təxminən 0,9 milyard dollar, Qazaxıstanda isə 7,7 milyard dollar səviyyəsində olub. Özbəkistanda sənaye, kənd təsərrüfatı və emal olunmuş məhsullar hesabına ixracın əhəmiyyətli artımı müşahidə edilib.
İnvestisiya fəallığı regionun əksər ölkələrində yüksək səviyyədə olub. Sabit kapitala yönələn investisiyalar iri infrastruktur layihələri, nəqliyyat-logistika təşəbbüsləri və enerji layihələri hesabına genişlənib. Maliyyə sektorunda vasitəçilik imkanları artıb. Türkiyədə bank aktivləri 1,05 trilyon dolları ötüb, Qazaxıstan və Özbəkistanda isə bank aktivlərində ikirəqəmli artım qeydə alınıb. İnvestisiya axınları əsasən enerji infrastrukturu, istehsal gücləri, logistika və rəqəmsal xidmətlər üzərində cəmləşib.
Türk İnvestisiya Fondu regional maliyyə institutuna çevrilir
Türk dövlətlərinin ortaq maliyyə strukturu olan Türk İnvestisiya Fondu türk ölkələrinin iqtisadiyyatında aktiv səhmdar kimi çıxış edir. Azərbaycan, Qazaxıstan, Qırğızstan, Türkiyə və Özbəkistan tərəfindən təsis edilmiş fond türkdilli ölkələrin iqtisadi-maliyyə-sərmayə baxışlarını və gələcək investisiya planlarını müəyyən etmək və həyata keçirmək üçün vahid donorluq funksiyasını üzərinə götürüb. Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir. Üzv ölkələrin üzvlük haqqı, investisiya ayırmaları, əsas kapital və əlavə maliyyə alətlərindən formalaşacan fondun nizamnamə kapitalı ilkin mərhələdə 500 milyon dollar müəyyən edilib, kapital fondu hər biri nominal dəyəri 50 min dollara bərabər 10 min paya bölünüb ki, burada hər üzv ölkənin limitə uyğun payı vardır. Bundan başqa, fondun nizamnamə kapitalı ödənilmiş paylara və yenidən çağrıla bilən, yəni cəlb edilən paylara bölünüb ki, ümumi nominal dəyər 350 milyon dollar təşkil edir. Əlavə maliyyələşmədə ölkələr üzrə ümumi nominal dəyər isə 150 milyon dollardır. Gələcəkdə, fondun maliyyə portfelinin daha da artırılaraq 1 milyard dolları ötəcəyi istisna olunmur.
Orta Dəhlizdə ortaq qərarlar
Azərbaycan türk dövlətləri ilə nəqliyyat sahəsində də əməkdaşlığı gücləndirir, son illər ərzində nəqliyyat infrastrukturunu - avtomobil yolları, dəmir yolu xətləri, dəniz limanı, gəmiqayırma zavodu, hava nəqliyyatı böyükhəcmli sərmayələr hesabına müasirləşdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı Gəmiqayırma Zavodunda 10 yeni gəmi inşa edilir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq. Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.
Nəqliyyat infrastrukturunun modernləşdirilməsi açıq dənizlərə çıxışı olmasa da, Azərbaycanı Asiya və Avropa arasında nəqliyyat-logistika mərkəzlərindən birinə çevirib və imkanlar durmadan daha da artır. Türkiyənin və Mərkəzi Asiya dövlətlərinin Azərbaycan ərazisindən tranzit keçən daşımalarının həcmi 2024-cü ildə 11 milyon ton təşkil edib. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradan Azərbaycan müştərək müəssisələr qurmaqla, Orta Dəhlizin coğrafiyasını ən işlək haba çevirməkdədir. Bu dəhlizin ən axıcı qollarından biri olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılıb ki, bu da BTQ-nin nəqliyyat xəritəsində strateji əhəmiyyətindən xəbər verir.
Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm verən respublikamız hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işləri də davam etdirir.
Ümumilikdə, 2025-ci ilin yanvar-sentyabr aylarına dair məlumatlar göstərir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr qlobal orta göstəricilərdən daha sürətlə böyüyür, iqtisadi ölçülərinə nisbətən daha intensiv ticarət aparır və investisiya, əlaqəlilik və struktur transformasiyaya daha çox resurs yönəldirlər. Şaxələndirmə, regional inteqrasiya və infrastrukturun inkişafı istiqamətində irəliləyişlərin sonrakı dövrlərdə iqtisadi artım tempini dəstəkləməsi gözlənilir.
E.CƏFƏRLİ