2026-cı ildə qarşıya qoyulan yeni hədəflərə çatmağa möhkəm zəmin yaradır
Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində ölkəmizdə əldə edilmiş sosial-iqtisadi, uğurlardan danışarkən yürüdülən düzgün iqtisadi siyasətin əhəmiyyətininə xüsusi diqqət çəkdi. Bəyan olunduğu kimi, Azərbaycan iqtisadi cəhətdən tamamilə müstəqil dövlətdir və hər hansı bir dəstəkdən, istənilən kreditdən və ya nədənsə asılı olmadığına görə, dayanıqlı inkişaf möhkəmlənir. Ölkəmizdə təmin edilmiş makroiqtisadi sabitlik və maliyyə dayanıqlılığı təkcə son bir ildə strateji yığım rezervlərinin təxminən 10 milyrad dollar artmasına səbəb olub, valyuta ehtiyatlarımız 84 milyard dollara yüksəlib.
Strateji ehtiyatların artması ölkəmizin makroiqtisadi sabitliyinin möhkəmlənməsində, dayanıqlı iqtisadi dəyər zəncirinin formalaşmasında xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanın xalis maliyyə aktivlərinin həcmi ümumi daxili məhsulu (ÜDM) ötməklə güclü maliyyə təhlükəsizliyi yastığı təminatı yaradır. Müqayisə üçün qeyd edək ki, inkişaf etmiş ölkələrin böyük əksəriyyətində strateji valyuta ehtiyatlarının həcmi ÜDM-nin 30-40 faizini təşkil edir.
Valyuta ehtiyataları xarici borcu 9 dəfə üstələyir
Son illərdə həm Dövlət Neft Fondunun, həm də Azərbaycan Mərkəzi Bankının ehtiyatlarında əhəmiyyətli artımlar müşahidə edilir ki, bu da ikiqütblü rezerv portfelinin böyüməsini təşviq edir. Ehtiyatların böyüməsində qiymət və hasilat faktorları təsiredici funksiya daşısa da, çevik maliyyə siyasəti, ələlxüsus da Neft Fondunun qlobal investor kimi aparıcı oyunçuya çevrilməsi və rezervlərin uğurlu idarəedilməsindən qazandığı daxilolmaların rolu da xüsusi rol oynamaqdadır.
Həyata keçirilən güclü maliyyə siyasəti və iqtisadi inkişaf dinamikası, eyni zamanda, ixrac potensialının yüksək artımı respublikamızın maliyyə sabitliyinin möhkəmlənməsinə dərin zəmin yaradıb və valyuta gəlirlərinin çoxalmasını təmin etməkdədir.
İqtisadi təhlükəsizlik üçün zəmanətverici rol oynayan strateji valyuta ehtiyatları Azərbaycanda riskləri tam neytrallaşdırır. Ümumilikdə, strateji valyuta ehtiyatlarının yüksək templə artımı ölkə iqtisadiyyatının mümkün xarici böhran təsirlərinə qarşı həssaslığını azaldan və güclü makroiqtisadi bufer formalaşdıran amildir. Hazırkı mürəkkəb geoiqtisadi risklər və qlobal təhdidlərin artdığı dövrdə, habelə enerji bazarındakı dalğalanmalar fonunda Azərbaycanın mövcud strateji valyuta ehtiyatlarının həcmi möhkəm iqtisadi sütuna çevrilir.
Güclü valyuta ehtiyatları hər bir ölkənin inkişafını təmin etməklə bərabər, həm də onun xarici borcunun müdafəçisi kimi çıxış edir. Hazırda Azərbaycanın xarici borcu ÜDM-in 6,3-6,4 faizini təşkil edir və ölkəmiz dünyada ən aşağı borca malik dövlətlər sırasında ilk yerlərdə dayanır. Azərbaycanın hazırkı valyuta ehtiyataları xarici borcu ən azı 16 dəfə üstələməklə sabitlik və dayanıqlığı daha da möhkəmləndirir.
Ölkəmizin beynəlxalq reytinqi yüksəlib
Azərbaycanın əlverişli maliyyə vəziyyəti nüfuzlu beynəlxalq iqtisadi institutların reytinq hesabatlarında da müsbət dəyərləndirilir. Cənab Prezidentin də vurğuladığı kimi iki aparıcı reytinq şirkəti - “Moody’s” və “Fitch” ölkəmizin reytinq investisiya səviyyəsini yeniləyərək proqnozu sabitdən müsbətə doğru yeniləyib. Belə ki, “Standart & Poor’s” və “Moods“ reytinq agentlikləri Azərbaycanın investisiya və kredit reytinqini artıraraq “BB+” səviyyəsinə qaldırıb. Eyni zamanda “Fitch Ratings” agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli suveren investisiya reytinqini “pozitiv” proqnozu ilə “BBB” səviyyəsində təyin edib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan inkişaf etmiş ölkə kimi dünyanın aparıcı investitorlarının daim diqqət mərkəzindədir.
Beynəlxalq Valyuta Fondu (BVF) dünya ölkələrində investisiya cəlbediciliyi mühiti ilə bağlı hesabatında Azərbaycanı ən yaxşı ölkələr qrupunda qərarlaşdırıb. Belə ki, ölkəmiz ən yaxşı investisiya mühitinə malik “Top-7” qrupunda yer alıb. BVF-nin reytinqində xarici investorlar üçün əlverişli münbit iş şəraitinin yaradılması, bütün hüquqi təminatlarla əhatə olunması təqdir edilir.
Buna baxmayaraq, ölkəmizin böyük ehtiyatları, aşağı xarici borcu, özünü təmin edən iqtisadiyyatı və digər amillər daha yüksək reytinqə malik olmağa imkan verir.
Xarici investisiya qoyuluşları artıb
Yüksək kredit reytinqi respublikamızın potensial investor və dünyada sərmayəçi ölkə kimi imicinin möhkəmlənməsində mühüm amil kimi çıxış edir, xarici sərmayəçilərin beynəlxalq inamını artırır. Bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatına daxili və xarici kapital qoyuluşlarında artım dinamikası davam etməkdədir. 2025-ci ilin yanvar-noyabr aylarında əsas kapitala 16 milyard 658,9 milyon manat məbləğində investisiya yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8,5 faiz azalsa da, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 8,3 faiz artaraq ümumi sərmayə axıcılığını təmin edib. Bu dövr ərzində istifadə olunmuş investisiyanın 8,4 milyard manatı və ya 50,6 faizi məhsul istehsalı sahələrinə, 5,6 milyard manatı (33,7 faiz) xidmət sahələrinə, 2,6 milyard manatı (15,7 faiz) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 12,9 milyard manatını və ya 78 faizini daxili investisiyalar təşkil edib. Həmin sərmayələrin 76,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Azərbaycana yatırılan birbaşa xarici investisiyaların həcmində də əhəmiyyətli artım qeydə alınıb. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana xarici rezidentlər tərəfindən 4 milyard 736 milyon dollar birbaşa investisiya yatırırıb. Sərmayə potfelində birinci yeri 1 milyard 243 milyon dollarla Böyük Britaniya, növbəti yerləri 632 milyon dollarla Türkiyə, 543 milyon dollarla Cənubi Kipr, 384 milyon dollarla İsveçrə və 272 milyon dollarla İran tutub. Eləcə də xarici yatırım edən dövlətlər sırasında BƏƏ, Rusiya, ABŞ, Yaponiya, Macarıstan, Fransa və Hindistan sərmayədarlarının payı artıb.
Qeyd edilən dövrdə Azərbaycanın özü də sərmayədar ölkə kimi xarici ölkələrin iqtisadiyyatına 2 milyard 38 milyon dollar birbaşa investisiya yatırıb. Xaricə yönəldilən investisiyalarda əsas istiqamət İsrail olub və bu ölkəyə 542,6 milyon dollar həcmində sərmayə yatırılıb ki, bu da əsasən “Tamar” qaz yatağı layihəsi ilə bağlıdır. Türkiyəyə 289 milyon dollar, Birləşmiş Ərəb Əmirliklərinə 250 milyon dollar, Böyük Britaniyaya 176 milyon dollar, İtaliyaya isə 118 milyon dollar birbaşa investisiya yatırılıb.
Beləliklə, 2025-ci il ərzində Azərbaycan digər uğurlara da imza atıb ki, bu uğurların təməlində Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən iradəli və müstəqil iqtisadi siyasət strategiyası dayanır.
ELBRUS CƏFƏRLİ