AZ

Bu, İran üçün fəlakətli səhv olacaq – SENSASİON MƏQAMLAR

İranda vəziyyət nəzarətdən çıxmaq üzrədir. Etirazlar artıq 27 vilayətdə azı 92 şəhəri əhatə edir, ümumilikdə 285-ə yaxın etiraz ocağı qeydə alınıb.

KONKRET.az xəbər verir ki, mənbələrə görə, təhlükəsizlik qüvvələrinin davranışı daha da sərtləşib.

Artıq hər iki tərəfdən ümumilikdə 36 nəfər həyatını itirib. Ən diqqətçəkən məqam isə odur ki, bəzi xəbərlərə görə, etirazçılar Abdanan və Maləkşahi şəhərlərinə nəzarəti ələ alıblar və Donald Trampa yardım üçün müraciət ediblər.

ABŞ etirazçıları mənəvi cəhətdən dəstəkləyir, lakin birbaşa müdaxiləyə tələsmir. Bununla belə, İrana yaxın bölgəyə aviadaşıyıcı qrup göndərib. İsrail isə hələ ki susur. Halbuki, yaxın keçmişdə analitiklər İsrailin İrana qarşı yeni zərbələr endirəcəyini saatlarla ölçürdülər.

Digər tərəfdən, İranın devrilmiş şahının oğlu şahzadə Rza Pəhləvi etirazçılara müraciət edib. O, xalqı 8 və 9 yanvarda küçələrə çıxmağa çağırıb, keçid prosesinə rəhbərlik etməyə hazır olduğunu, məqsədinin “milli referendum və konstitusiya yığıncağı vasitəsilə sülh yolu ilə dəyişiklik” olduğunu bəyan edib. Şahzadə həmçinin, təhlükəsizlik qüvvələrinin tərəf dəyişəcəyi təqdirdə onlara amnistiya vəd edib.

Bütün bu çıxışları ilə Rza Pəhləvi özünü artıq etirazların lideri kimi aparır və sanki hazırkı rejimin süqutuna günlər qaldığını düşünür.

Aydın məsələdir ki, Cənubi Azərbaycanda ayətullahlar rejiminin süqutunu bir çoxları alqışlayardı. Lakin əgər bu süqut fars millətçilərinin qələbəsi və Pəhləvi sülaləsinin hakimiyyətə qaytarılması ilə nəticələnsə, bu, Təbriz, Ərdəbil, Marağa kimi şəhərlərin sakinlərini qətiyyən ruhlandırmaz. Belə bir vəziyyətdə insanlar öz hüquq və maraqlarını ifadə etmək üçün meydana çıxa, əvvəlki etiraz dalğalarından tanıdığımız tələbləri səsləndirə bilərlər. Azərbaycan amili”ni kiçiltmək və xüsusilə onu repressiyalar yolu ilə neytrallaşdırmağa ümid etmək bütün tərəflər üçün fəlakətli səhv ola bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
16
konkret.az

1Mənbələr