AZ

Sərt mövqe, aydın mesaj: Məmurlar üçün yeni qaydalar

Son illər Azərbaycanda dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, məmur-vətəndaş münasibətlərinin sağlamlaşdırılması və kadr islahatlarının dərinləşdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə məmurların fəaliyyəti və etimad məsələsinə xüsusi diqqət ayırması da bu xəttin davamı kimi qiymətləndirilir.

Siyasi analitik Turan Rzayev Editor.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin hazırkı siyasətində kadr islahatları prioritet istiqamətlərdən biridir:

“Biz uzun illərdir bu sahədə islahatların mərhələli və ardıcıl şəkildə həyata keçirildiyinin şahidi oluruq. Əslində, Prezidentin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə məmurların fəaliyyəti və etimad məsələsi ilə bağlı səsləndirdiyi fikirlər təsadüfi xarakter daşımırdı. Son illərdə bu sahədə müəyyən xoşagəlməz halların baş verdiyi də məlumdur. Dövlət başçısının etimadını doğrultmayan məmurlar olub və bu faktlar cəmiyyət tərəfindən də müşahidə edilib.

Eyni zamanda, hazırda ölkədə kadrların gəncləşdirilməsi siyasəti həyata keçirilir və gənc kadrların təmsil olunduğu yeni idarəetmə sisteminə keçid prosesi gedir. Bu kadrların təyinatdan sonra dosyelərinə nəzər saldıqda, bir çoxunun Avropada təhsil almış, müasir yanaşmalar və yeni idarəetmə trendləri əsasında formalaşmış şəxslər olduğu görünür. Bu insanlara həm dövlət başçısının, həm də xalqın etimadı göstərilir və onlardan əsasən xalqa xidmət gözlənilir. Burada ali məqsəd dövlətin və cəmiyyətin maraqlarının qorunmasıdır.

Lakin təəssüf ki, bəzi məmurların bürokratik əngəllər yaratması, məmur–vətəndaş münasibətlərində problemlərə yol verilməsi cəmiyyətdə narazılıq yarada bilən amillər sırasındadır. Bu cür halların qarşısının alınması məqsədilə davamlı və sistemli kadr islahatları həyata keçirilir.

Prezident İlham Əliyevin müsahibə zamanı səsləndirdiyi fikirlər də yeni təyin olunan məmurlara açıq mesaj və xəbərdarlıq xarakteri daşıyır. Çünki verilən etimadı doğrultmayan şəxslər əvvəlkilərin taleyi ilə üzləşə bilərlər. Artıq bu məsələdə ölkə başçısının prinsipial mövqeyi aydın şəkildə hiss olunur və hər bir məmurun fəaliyyətinə fərdi yanaşma tətbiq edilir. Əsas prioritet xalqa xidmətdir və göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində səsləndirilən fikirlər tam məntiqlidir. Prezidentin bu mövqeyi təqdirəlayiqdir və gələcəkdə idarəetmənin effektivliyinin artırılması baxımından müsbət nəticələr vəd edir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
44
editor.az

1Mənbələr