FİFA rəhbərliyi qarşıdakı dünya çempionatında hakimliyin işinin yaxşılaşdırılması ilə bağlı planını açıqlayıb.
Publika.az xəbər verir ki, yenilik əsasən ofsayd vəziyyətinin müəyyənləşdirilməsinə aid olacaq.
Bu çərçivədə hər bir futbolçu süni intellektə əsaslanan təkmilləşdirilmiş 3D skan texnologiyası vasitəsilə hiperrealist rəqəmsal avatara çevriləcək. Oyunçular turnirdən əvvəl keçiriləcək fotosessiya zamanı yüksək texnologiyalı skan kameralarından keçəcəklər. FİFA-nın məlumatına görə, proses son dərəcə sürətlidir və hər bir futbolçu üçün cəmi bir saniyə çəkir.
Əldə olunan skan nəticələri sayəsində yarıavtomatik ofsayd nəzarət sistemləri futbolçuların hər bir hərəkətini indiyədək mümkün olmayan dəqiqliklə izləyə biləcək.
FİFA bu skan texnologiyasını artıq son dəfə keçirilən qitələrarası kubokda iştirak etmiş “Flamenqo” və “Piramids” klubları üzərində sınaqdan keçirib.