AZ

Prezidentin müsahibəsi dövlət-cəmiyyət dialoqunun sistemli şəkildə qurulmasına xidmət edir - Ekspert rəyi

Bakı, 8 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin ilin əvvəli yerli mediaya müsahibələr verməsi artıq ənənə halını alıb. Xüsusilə ilin yekunlarına həsr olunan bu müsahibələr dövlət-cəmiyyət dialoqunun açıq, şəffaf və sistemli şəkildə qurulmasına xidmət edir. Dövlətimizin başçısı bu çıxışlar vasitəsilə təkcə görülən işlər barədə hesabat vermir, eyni zamanda, ölkənin inkişaf trayektoriyasının əsas prioritetlərini, qarşıda duran vəzifələri və gələcək fəaliyyət istiqamətlərini aydın şəkildə izah edir. Bu baxımdan həmin müsahibələr yalnız ötən ilin icmalı deyil, həm də perspektiv hədəflərin təqdimatıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Mətin Məmmədli söyləyib.

O bildirib ki, müsahibələrdə il ərzində baş vermiş daxili və xarici siyasi proseslər, sosial-iqtisadi islahatlar, regional və qlobal çağırışlar, eləcə də ölkəni maraqlandıran aktual məsələlər geniş və ardıcıl şəkildə təhlil olunur. Bu ardıcıllıq və mövzuların sistemli izahı Prezident İlham Əliyevin müsahibələrinin əsas xarakterik xüsusiyyətlərindən biridir. Mövzular yalnız ümumi çərçivədə deyil, ən xırda detallarına qədər izah edilir, səbəb–nəticə əlaqələri açıq şəkildə ortaya qoyulur. Elə cavablar verilir ki, əlavə suallara ehtiyac qalmır.

Dövlətimizin başçısının müsahibələrinin diqqət çəkən mühüm cəhətlərindən biri də onun yüksək səviyyədə məlumatlı olmasıdır. Daxili idarəetmə mexanizmləri və beynəlxalq münasibətlər sistemi ilə bağlı səsləndirilən fikirlər göstərir ki, Prezident İlham Əliyev prosesləri yalnız cari vəziyyət prizmasından deyil, uzunmüddətli strateji perspektivdən qiymətləndirir.

“Azərbaycanın gələcəklə bağlı aydın baxışa malik olması, siyasi sabitlik, iqtisadi müstəqillik, milli maraqların qorunması və güclü dövlətçilik prinsiplərinin ön plana çəkilməsi strateji düşüncə tərzinin bariz göstəricisidir. Bu yanaşma qəbul edilən qərarların təsadüfi deyil, düşünülmüş və mərhələli şəkildə həyata keçirildiyini nümayiş etdirir.

Prezident İlham Əliyevin dünyada cərəyan edən proseslərə münasibəti də xüsusi qeyd olunmalıdır. Qlobal siyasi, iqtisadi və geosiyasi dəyişikliklər emosional deyil, obyektiv və realist yanaşma əsasında təhlil olunur. Beynəlxalq münasibətlərdə güc balansı, regional münaqişələr, enerji təhlükəsizliyi və yeni çağırışlarla bağlı səsləndirilən fikirlər dərin təhlilə və zəngin siyasi təcrübəyə əsaslanır. Təcrübə göstərir ki, Prezidentin əvvəlki müsahibələrdə verdiyi proqnozlar və çıxardığı nəticələr sonradan öz təsdiqini tapır. Bu da onun hadisələri qabaqlamaq, riskləri öncədən görmək və milli maraqları qorumaq üçün vaxtında düzgün qərarlar vermək bacarığını nümayiş etdirir”, - deyə M.Məmmədli vurğulayıb.

Ekspert əlavə edib ki, Prezident İlham Əliyevin yerli mediaya verdiyi müsahibələr yalnız məlumat xarakteri daşımır, eyni zamanda, siyasi maarifləndirmə, strateji baxışın paylaşılması və ictimai etimadın möhkəmləndirilməsi baxımından mühüm rol oynayır. Bu müsahibələr Prezidentin dərin biliyini, geniş dünya görüşünü, analitik təfəkkürünü və Azərbaycanın gələcəyinə yönəlmiş aydın strateji baxışını açıq şəkildə əks etdirir.

Seçilən
89
azertag.az

1Mənbələr