“Bu gün müasir dünyada bir-birini əvəz edən proseslər Türk dünyasını da güclü olmasını tələb edir. Güclü olmaq üçün bütün sahələrdə davamlı addımlar atılmalıdır. Təbii ki, bu sırada dövlətlərlə yanaşı qeyri-hökumət təşkilatlarının üzərinə də mühüm vəzifələr düşür. Bu baxımdan sual yaranır: qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti olaraq biz nə etməliyik? Əslində, Azərbaycan bu suala Türk Dövlətləri Təşkilatı çərçivəsində artıq ilkin və nümunəvi cavab verib”.
Bunu QHT.az-a açıqlamasında CASCFEN sədri, Əməkdar Jurnalist Nadir Azəri deyb. Onun sözlərinə görə, bunun bariz nümunəsini ötən ilin noyabrında gördük:
“Azərbaycan dövlətinin müvafiq sahələr üzrə siyasətinə daim dəstək verən və xüsusilə Prezident İlham Əliyevin Türk dünyası ilə bağlı siyasətinə önəmli töhfələr göstərən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə Bakıda və Naxçıvanda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun keçirildi. Bu forum çərçivəsində Naxçıvanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasına dair qərar qəbul edildi. Mərkəzi qərargahı Azərbaycanda yerləşəcək Platformanın ilk Baş katibi hamımızın yaxşı tanıdığı və fəaliyyəti ilə hər zaman öndə olan Azər Allahverənovdur. Göründüyü kimi Azərbaycan TDT daxilində daha bir tarixi qərarın qəbulu üçün təşəbbüskar rolunu oynadı. İndi isə söz TDT katibliyinindir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının növbəti sammitində bu platformanın qurum daxilində rəsmi status alması, onun strukturuna dair müvafiq qərarların qəbul edilməsi reallaşmalıdır. Eyni zamanda həm bu qurum, həm də Türk dünyası ilə bağlı fəaliyyət göstərən bütün qeyri-hökumət təşkilatları konkret təşəbbüslər və təkliflərlə çıxış etməlidirlər”.
CASCFEN sədri bu kontekstdə bir məqamı da xatırladıb:
“Cənab Prezident bir müddət öncə bildirmişdi ki, “bizim ailəmiz Türk dünyasındadır, başqa yerdə ailə axtarmamalıyıq”. Deməli, biz də QHT camiyəsi olaraq bu ailə bağlarının möhkəmləndirilməsi üçün humanitar, sosial, iqtisadi və siyasi sahələrdə ortaq təşəbbüslərlə çıxış etməli, birgə tədbirlər həyata keçirməliyik. Qənaətimə görə, Türk dünyası xalqlarının, xüsusilə də gənc nəslin ortaq tariximiz, mədəniyyətimiz, ümumilikdə ortaq mirasımız barədə daha dərindən məlumatlı olması zəruridir və QHT-lər də bu istiqamətdə ikitərəfli, yaxud çoxtərəfli layihələr həyata keçirməlidirlər. Yəni, biz özümüzü özümüzə tanıtmaq üçün vaxt itirmədən addımlar atmalıyıq. Bir vacib nüansı unutmamalıyıq ki, bəzən elə sahələr olur ki, orada dövlətdən daha çox ictimai təşkilatların sözü və təsiri ön plana çıxır. Ən əsası isə artıq danışıq mərhələsindən əməli fəaliyyət mərhələsinə keçməliyik. Azərbaycan dövləti və QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu istiqamətdə nümunə ortaya qoyub. Əminəm ki, yaxın gələcəkdə digər Türk dövlətləri də Azərbaycanın bu təcrübəsindən yararlanaraq analoji və mühüm addımlar atacaqlar”.