
ABŞ-ın dövlət katibi Marko Rubio Venesuela prezidenti Nikolas Maduronun saxlanılmasından sonra vəzifəyə gələn müvəqqəti hökumətlə birlikdə idarə edəcəkləri prosesin mərhələlərini izah edib.
Rubio ABŞ Konqresində Venesuela əməliyyatı ilə bağlı qapalı iclasa qatılmadan öncə jurnalistlərin bölgədəki son hadisələrlə bağlı suallarını cavablandırıb.
“Düzünü desəm, aydın səbəblərə görə ictimaiyyətə açıqlana bilməyəcək bir çox əməliyyat detalları var”, – deyən Rubio bu səbəbdən Venesueladakı üçmərhələli prosesi zaman keçdikcə açıqlayacaqlarını bildirib.
Rubio ilk addımın Venesuelanın sabitləşdirilməsi olduğunu qeyd edərək “Ölkənin xaosa sürüklənməsini istəmirik. Bu sabitliyin bir hissəsi və ən güclü təsir rıçağına sahib olduğumuza inanmağımızın səbəbi tətbiq etdiyimiz karantindir” deyib.
ABŞ-ın bu gün Karib hövzəsində və Atlantik okeanının şimalında iki neft tankerinə əl qoyduğunu xatırladan Rubio bildirib ki, hazırda Venesuela nefti üçün bir razılaşmanı həyata keçirməyə hazırlaşırlar.
Dövlət katibi Rubio “30–50 milyon barel neft alacağıq. Bunu Venesuelanın aldığı endirimli qiymətlərlə yox, bazar qiymətləri ilə satacağıq. Bu vəsait daha sonra korrupsiyaya və ya rejimə deyil, Venesuela xalqına fayda verəcək şəkildə paylanmasını nəzarət edəcəyimiz bir mexanizmlə idarə olunacaq” deyib.
Rubio ikinci mərhələdə ABŞ və digər Qərb şirkətlərinin Venesuela bazarına çıxışını təmin etməyi və ölkə daxilində milli uzlaşma prosesini başlatmağı planlaşdırdıqlarını söyləyib.
Üçüncü mərhələnin isə keçid mərhələsi olacağını bildirən Rubio bu mövzuda yaxın günlərdə daha ətraflı məlumat verəcəklərini qeyd edib.
Rubio həmçinin Venesueladakı müvəqqəti hökumətin Karib hövzəsində saxlanılan tankerlərdən birində ələ keçirilən neftin həmin razılaşmanın bir hissəsi olmasını istədiyini qeyd edib.