Trampın Qrenlandiya ilə bağlı bu iddiası real geopolitik zərurətdir, yoxsa ABŞ-nin güc nümayişi strategiyasının bir hissəsidir?
Bu məsələ ABŞ-Danimarka münasibətlərinə və ümumilikdə NATO daxilində etimad mühitinə hansı riskləri yarada bilər?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" ABŞ-nin Qrenlandiyaya marağı yalnız Donald Trampın hakimiyyəti dövrünə təsadüf etmir. Əvvəlki prezidentlərin dövrlərində də bu məsələ dəfələrlə gündəmə gəlib, sadəcə olaraq öz həllini tapmayıb. Qrenlandiya ABŞ üçün həm təhlükəsizlik, həm geosiyasi, həm də iqtisadi təhlükəsizlik baxımından ciddi maraq kəsb edən bir coğrafiyadır. Belə ki, bu adaya sahib olmaq faktiki olaraq Arktikanın əhəmiyyətli bir hissəsinə nəzarət deməkdir. Nəzərə alsaq ki, artıq Şimal qütbündə buzların əriməsi prosesi sürətlənməkdədir və gələcək dövrlərdə burada gəmiçilik və daşımalar ciddi şəkildə inkişaf edə bilər, ABŞ məhz Qrenlandiyaya nəzarət etməklə bu dəniz yollarını nəzarətdə saxlamaq niyyətini güdür. Bundan başqa, Qrenlandiya və ümumilikdə Arktika uğrunda mübarizədə bu ada olduqca vacib bir coğrafiyadır. Amerika qitəsinin Avropaya ən yaxın nöqtəsi kimi Qrenlandiyanın xüsusi strateji əhəmiyyəti var. Eyni zamanda, Qrenlandiya və Arktika bölgəsi həm enerji ehtiyatları, həm də nadir torpaq elementləri baxımından olduqca zəngin ərazilərdir.
Artıq mövcud ehtimallar kifayət qədər ciddidir və ilkin qiymətləndirmələrə görə bu bölgədə yerləşən resurslar və hələ işlənməmiş ehtiyatlar gələcək dövrlərdə dünya iqtisadiyyatına ciddi təsir göstərə bilər. Təhlükəsizlik baxımından isə ABŞ Qrenlandiyaya nəzarət etməklə bütövlükdə Şimali Amerika materikinin, xüsusilə onun şərq hissəsinin təhlükəsizliyini tam təmin edə bilər. Bu, həm ABŞ-ə, həm də Kanadaya aiddir.
Bu baxımdan, məsələ ABŞ üçün son dərəcə önəmlidir. Hesab edirəm ki, əgər ABŞ-nin bu istiqamətdə israrları davam edərsə, müəyyən bir mərhələdə ABŞ ilə Danimarka, eləcə də Avropa arasında hansısa razılaşmanın əldə olunması mümkün ola bilər. Baxmayaraq ki, hazırda Avropa ölkələri, o cümlədən Danimarka bu məsələyə ciddi etiraz edirlər.
Düşünürəm ki, bu mövzu Avropa ilə ABŞ arasında müzakirə, danışıqlar və qarşılıqlı razılaşma predmetinə çevrilə bilər. Belə ki, ABŞ Qrenlandiyanın öz nəzarətinə keçməsi qarşılığında Avropanın təhlükəsizliyi ilə bağlı təminatları bundan sonra da davam etdirməyi öhdəsinə götürə və Avropanı öz nəzarəti altında saxlaya bilər. Bu proses, əlbəttə ki, kifayət qədər ciddidir və ilk baxışda NATO daxilində müəyyən parçalanma ehtimalları yarada bilər. Lakin nəzərə almaq lazımdır ki, NATO-nun əsas aparıcı qüvvəsi və ən önəmli ölkəsi məhz ABŞ-dır. ABŞ-nin iştirakı olmayan hərbi blok real və effektiv güc ortaya qoymaq imkanları kifayət qədər məhduddur. Bu baxımdan Avropa ilə ABŞ arasında bu məsələdə müəyyən anlaşmanın əldə olunması mümkündür. Baxmayaraq ki, Qrenlandiyanın baş naziri adanın satılmayacağını açıq şəkildə bəyan edir və ABŞ bu məsələdə israrlıdır, düşünürəm ki, ilk mərhələdə diplomatiyaya ciddi üstünlük veriləcək. Əgər bu məsələ diplomatik yollarla həllini tapmasa, o zaman ABŞ daha radikal addımlar ata bilər. Ancaq məncə, tərəflər bu məsələdə bir formada uzlaşa bilərlər. Yəni Danimarka, ABŞ və ümumilikdə Avropa bu məsələni danışıqlar və müzakirələr yolu ilə həll edə bilərlər"
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31