Bakı, 8 yanvar, AZƏRTAC
“ACWA Power” şirkəti Azərbaycandakı ilk layihəsini həyata keçirib. Belə ki, 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası layihəsi iki hissədən ibarətdir. Stansiya öz gücünün 162.5 meqavatını Xızıdan, 78 meqavatını isə Abşerondan əldə edir.
Bu sözləri AZƏRTAC-a ekskluziv müsahibəsində “ACWA Power” şirkətinin Türkiyə və Azərbaycan ölkələri üzrə müdiri Səlim Güvən deyib.
O qeyd edib ki, bu, “ACWA Power” şirkətinin Azərbaycanda həyata keçirdiyi ilk layihə olsa da, yeni layihələr artıq planlaşdırılıb. “Şirkətimiz Azərbaycanda hədəfi 300 min kubmetr dəniz suyunu duzsuzlaşdırmaq olan yeni layihəyə hazırlaşır və 2028-ci ilin iyununda tam hazır olacağı planlaşdırılır. Çünki Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanın enerji potensialı çox yüksəkdir. Ölkənin neft və digər konvensional mənbələr üzrə beynəlxalq bazarlarda etibarlı və dayanıqlı təchizatçı kimi çıxış etməsi mövqeyi yaşıl enerji sahəsində də davam edəcək. Bu məqsədlə interkonneksiya ixrac xətləri və enerji ötürmə xətlərinin yaradılması üçün bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır. Layihələr reallaşdıqdan sonra Azərbaycanda mövcud olan külək və Günəş enerjisi üzrə qiqavatlarla ölçülən potensialın Avropa kimi bazarlara ötürülməsi mümkün olacaq. “ACWA Power” olaraq biz prosesləri diqqətlə izləyir və dayanıqlı enerji sahəsində investor, texnoloji innovator və operator kimi Azərbaycanla birlikdə bu layihələrdən sonra da yeni layihələri həyata keçirməyi planlaşdırırıq. Çünki Azərbaycan bizim üçün sadəcə bazar deyil, strateji tərəfdaş kimi dəyərləndirdiyimiz ölkədir və bu, bizim üçün son dərəcə önəmlidir”, - deyə Səlim Güvən vurğulayıb.