
ABŞ Kosmik Tədqiqatlar Agentliyi (NASA) "Crew-11" missiyası heyətinin Beynəlxalq Kosmik Stansiyadan (BKS) planlaşdırılmamış səbəbdən vaxtından əvvəl qayıtmasını nəzərdən keçirir.
AFN.az "Reuters"ə istinadən xəbər verir ki, səbəb isə astronavtlardan birinin sağlamlıq problemləridir.
NASA-nın sözçüsü bildirib ki, missiyaların təhlükəsiz icrası ən yüksək prioritetdir: "Biz "Crew-11" heyətinin missiyasının vaxtından əvvəl başa çatdırılması da daxil olmaqla bütün variantları aktiv şəkildə qiymətləndiririk”.
Sözügedən astronavtın vəziyyətinin hazırda sabit olduğu bildirilir.
"Crew-11" heyətinə ABŞ-dan Zena Kardman və Mayk Fink, Yaponiyadan Kimiya Yui, Rusiya tərəfindən isə Oleg Platonov daxildir. "Reuters"in məlumatına görə, Fink və Kardman planlaşdırılmış şəkildə cümə axşamı stansiyanın xaricində avadanlıq quraşdırmaq üçün 6,5 saatlıq kosmos gedişi həyata keçirməli idilər. Astronavtlar avqust ayında BKS-ə çatmışdılar və təxminən may ayında qayıtmaları planlaşdırılırdı.