Bu gün yeniləşən dünya düzənində baş verən müharibə və kataklizmlər, hərbin beynəlxalq hüququ üstələməsi, eləcə də Ermənistanla yekun sülh sazişinin imzalanmaması, Zəngəzur dəhlizinin açılmasına qarşı yönələn bir çox maneə regionun sabitliyinin təmin olunması baxımından zəruri addımların atılmasını tələb edir. Rusiya-Ukrayna qarşıdurması, ABŞ-nin Venesuela əməliyyatı, İranda baş verən etiraz dalğası fonunda diplomatik gücün hərbi qüvvə ilə əvəzləndiyini açıq şəkildə göstərir. Belə bir vəziyyətdə Azərbaycan Ordu Quruculuğunun inkişafına xüsusi diqqət yetirir.
Hafta.az-ın müsahibi hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərovdur.
- Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində ordu quruculuğuna və bu istiqamətdə görülən işlərlə bağlı bir çox məqamlara diqqət çəkdi. Prezident hərbi sahəyə xüsusi diqqətini ifadə etməklə dünyaya hansı mesajları verdi?
- Prezident İlham Əliyev yerli jurnalistlərə müsahibəsində hərbi sahə ilə bağlı olan bir sıra önəmli məqamlara diqqət çəkdi. Xüsusilə də Azərbaycan Müdafiə Sənayesi Nazirliyi xətti ilə Çin Xalq Respublikası arasında qurulan əməkdaşlığa toxundu. O cümlədən Silahlı Qüvvələrin daxili tələbatını ödəmək üçün silah-sursatın özümüzün daxili imkanlarımız hesabına istehsalı məsələsinə toxundu, 20-dən artıq ölkəyə silah-sursat satışından danışdı. Azərbaycanda, artıq 5 özəl müəssisə müdafiə sənayesi işləri ilə məşğuldur. Bu müəssisələr respublikamızın digər ölkələrlə hərbi-texniki əlaqələrinin genişlənməsi istiqamətində yeni perspektivlərimizin istiqamətlərini müəyyən edir. Ölkə başçısı öz çıxışında region ölkələrinə, hələ də bəzi avantürist fikirlərlə yanaşan qüvvələrə bir mesaj verdi. O mesajlarda deyilir ki, Azərbaycan öz Ordusunu elə bir səviyyəyə gətirib çatdıracaq ki, kimsə onun əraziləri ilə bağlı xam xəyallara qapılmayacaq. Prezidentin çıxışının leytmotivi bu idi ki, ölkəmiz bundan sonra da kimlərəsə imkan verməyəcək ki, onunla əmr dili ilə danışsın. Bir sözlə, bundan sonra da Azərbaycan gücünə güc qatacaq. Ölkəmiz torpaqlarını işğaldan azad edib bölgədə sabitlik yaratsa da, bundan sonra da bu yöndə işini davam etdirməlidir. Azərbaycan dünyada gedən proseslərə uyğun olaraq güc toplamalı, hər an ayıq-sayıq durmalıdır. Bir daha bəyan olundu ki, ərazi bütövlüyümüz təmin edilsə də, bununla kifayətlənməməli, daim Ordunu gücləndirməli, hazır vəziyyətdə saxlamalıyıq.
- Dünyanı bürüyən müharibə və kataklizmlər, hərbi gücün beynəlxalq hüququ üstələməsi Azərbaycanın təhlükəsizliyi baxımından hansı zəruri addımlar atılmasını tələb edir?
- Əslində, Azərbaycan Prezidenti müsahibəsində bu məqamlara xüsusi diqqət çəkdi. Qeyd olundu ki, ölkəmiz hələ bu istiqamətdə çox iş görməlidir. Ölkəmiz regionda gedən prosesləri izləyir. Baxın, Venesueladan sonra bütün diqqət İrana yönəlib. ABŞ İranla bağlı planlarının olduğunu gizlətmir. Bu o deməkdir ki, 12 günlük İran–İsrail müharibəsindən sonra, regionda yenə də bəzi gərginliyin şahidi ola bilərik. Əlbəttə, bütün bunları nəzərə alaraq, ölkə başçısı bir daha lazım olan vəzifəli şəxslərə, o cümlədən müvafiq qurumlara, dövlət və hökumət strukturlarına mesaj verdi ki, onlar üzərlərinə düşəni məsuliyyətlə etməlidirlər. Biz zəruri addımları atmasaq, sonradan problemlərlə üzləşə bilərik. Düşünürəm, hər kəs özünə aid işlərlə bağlı lazım olan mesajını aldı. Ən əsası isə hələ də regionda gərginliyin qalması məsələsidir. İstər Şimal, istər Cənub qonşumuz olsun, hələ ki, münasibətlərin tənzimlənməsi açıq məsələlər kimi qalır. Bu istiqamətdə prosesin rahat keçəcəyini düşünmürəm. Prezidentin də dediyi fikirlər əsas verir ki, biz xalq olaraq bundan sonra da vahid şəkildə bir sıra işləri görməliyik. Hər kəs öz sahəsində diqqətli olmalı, üzərinə düşəni etməlidir ki, sabah hansısa problemlərimiz olmasın. Yəni iqtisadi sahədə ciddi işlərin görüləcəyi gözlənilir. Siyasətdə isə hələ bizim Ermənistanla imzalanmamış müqaviləmiz qalır. Eləcə də istiləşən ABŞ-Azərbaycan münasibətləri var. Qeyd edim ki, ötən həftə ABŞ-nin hərbi heyəti Azərbaycana gəlmişdi. Yəni bütün bu sadaladığımız məsələlər yaxın il üçün ölkə qarşısında duran yol xəritəsində yer alır. Həmin xəritədə olan məsələləri həll etmək elə də asan olmaycaq.
Respublikamız üçün hər şey asanlıqla həllini tapmayacaq. Azərbaycanın uğurundan narahat olan qüvvələr var və onlar var gücləri ilə həm informasiya cəbhəsindən, həm də ki, BMT, Avropa tribunalarından bizə problemlər yaratmaq üçün çalışırlar. Bu nöqteyi-nəzərdən ölkə başçısının ilin əvvəlindən verdiyi açıqlamalar hər kəsə “Hazır ol” tapşırığıdır.
- Ölkəmizin silah istehsalı və bu sahədə əməkdaşlıq dairəsinin genişləndirilməsi istiqamətində görülən işləri necə dəyərləndirirsiniz?
- Azərbaycan Xarici İşlər Nazirliyi dövlət başçısının tapşırıqlarını yerinə yetirir, çünki siyasi kursu dövlət başçısı məyyən edir və xarici siyasət idarəsi də həmin işi yerinə yetirir. Bir çox ölkələrlə əlaqələrimiz qurulub. Eləcə də bir çox yeni bölgələrlə təkcə siyasi deyil, hərbi əməkdaşlıq məsələləri də müzakirə olunur. Elə bu günlərdə Türk Dövlətləri Təşkilatı ilə birgə hərbi təlimlərin keçirilməsi məsələsi gündəmə gəlmişdi. Zatən, Azərbaycan-Türkiyə, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Özbəkistan arasında təlimlər keçirilirdi. Elə bu günlərdə mətbuat Azərbaycan müdafiə nazirinin Qazaxıstanın yeni təyin olunmuş hərbi attaşesini qəbul etdiyini yazdı. Qazaxıstan Türk Dövlətləri Təşkilatının önəmli üzvlərindən biridir, silahlı qüvvələrinin Azərbaycanla sıx əlaqələri mövcuddur. Nisbətən zəif əlaqələr, hələ ki, Türkmənistanladır. Həmin dövlətlərlə də müəyyən işlər görülür. Ümumən, dünyada gedən proseslər fonunda Türk Dövlətləri Təşkilatı Ordusunun Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi deyil, NATO səviyyəsində işlək bir quruma çevrilməsi gündəmə gətiriləcək. Hər halda hesab edirəm ki, bu istiqamətdə işlər aparılır və yəqin ki, yeni ilin ortalarında bu barədə nəsə danışa bilərik. Yəni il təzə başlasa da, planda çox iş var: birgə silah-sursat istehsalı, mütəxəssislərin mübadiləsi və sair nəzərdə tutulub. Ümid edirəm, bu istiqamətdə də önəmli işlər görüləcək.
- Türk dövlətlərinin Azərbaycanda birgə hərbi təlimlər keçirmək təklifi və bu sahədə əməkdaşlığın dərinləşməsi necə müşahidə olunur və bunu zəruri edən amillər hansılardır?
- Hər bir ölkənin özünün milli maraqları var. Ona görə də türk dövlətlərinin hərbi qüvvələrinin hazırlanmasını təsadüfən istəmirik. Türkiyə Ordusu NATO-nun ikinci ordusu olmaqla yanaşı, həm türk dövlətləri, həm də bizim üçün nümunədir. Türkiyənin ordu modeli bizim üçün önəmlidir. Həmin təcrübəni digər türkdilli ölkələr də öyrənsələr yaxşı olar. Elə bu səbəbdən də bu cür təlimlərin keçirilməsi nəzərdə tutulub. Bununla da Azərbaycana, yaxud Türk Dövlətləri Təşkilatında olan digər ölkələrə qarşı təxribat həyata keçirmək istəyənlər dayanıb, düşünməyə məcbur olacaqlar. Onlar çalışacaqlar ki, münaqişə yaratmaq əvəzinə, münasibətləri nizamlasınlar. Təbii ki, böyük dövlətlər bunu asanlıqla həzm etməyəcəklər. Azərbaycan öz yolunu müəyyən edib. Cənab Prezident “Kimsə bizə təzyiq göstərə bilməz”, “Kimsə bizə nəyisə diqtə edə bilməz”, - deyərkən məhz bu məqama da diqqət çəkmiş oldu. Bu fikirlərin arasında o məqam da var ki, bəzi ölkələr bizi nədənsə çəkindirməyə, öz mənafeləri üçün nələrəsə razı salmağa çalışırlar. Götürək Rusiyanı. Rusiya AZAL təyyarəsi ilə bağlı cinayət işinin yekun sənədini Azərbaycana göndərib. Sənəddə yazılıb ki, əlverişsiz hava şəraitindən təyyarə Rusiya ərazisində eniş edə bilməyib, gedib Qazaxıstanda yerə çırpılıb. Bununla da cinayət işinə xitam verilib. Düşənbədə isə Putin məhz təyyarənin vurulmasını etiraf edərək, kompensasiya ödəyəcəyinə və məsul şəxslərin cəzalandırılacağına söz vermişdi. Bunlar sıradan adi məsələlər deyildir. Mən bu misalı təsadüfən çəkmədim. Görünür, bu güclərin qarşısında çəkindirici bir qüvvə olmalıdır. Bu gün beynəlxalq hüquqa önəm verilmir və hərbi güc həlledici sözə sahibdir. Ona görə də bundan sonra tək yox, TDT ilə elə bir işlək bir mexanizm hazırlamalıyıq ki, sabah müəyyən təhdidləri, problemləri, çətinlikləri qarşılaya bilək, həm də onları aradan qaldırmağa müvəffəq olaq. Təbii ki, Rusiya sözün dəyərini ucuzlaşdırıb, nə dediyinin fərqində deyil. Onun belə bir qeyri-ciddi münasibət sərgiləməsinə dərin təəssüf hissi keçirirəm və təbii ki, bu, Azərbaycan tərəfindən qəbuledilməzdir...
- Yerli silah istehsalının artırılması, eləcə də dünya silah bazarına cıxış imkanları hansı səviyyədədir?
- Azərbaycanda elə silah-sursatlar istehsal edilir ki, artıq onlar dünya bazarında böyük marağa səbəb olur. “Bakı Ekspo Mərkəzi”ndə də hər ilin sentyabr-oktyabr aylarında sərgilər keçirilir. Biz xarici sərgilərdə öz silahımızı nümayiş etdirmişik və yeni silahlara marağımızı göstərmişik. Hər halda, hərbi sahə spesifik olduğuna görə, hər şeyi açıb deyə bilmirik. Ona görə də elə məsələlər var, haqqında az danışılır, ancaq mühüm işlər görülür.
- Azərbaycanın Çinlə hərbi əməkdaşlıq səviyyəsi və perspektivləri barədə nələri söyləmək olar?
- Azərbaycan-Çin əlaqələri gün-gündən artır. Hər iki ölkə bir-biri ilə hərbi attaşe səviyyəsində təmsil olunur. Hərbi attaşe o deməkdir ki, ölkələr arasında hərbi əlaqələr mövcuddur. Azərbaycan zabitləri Çin Hərbi Akademiyasında təhsil alırlar, Çin mütəxəssisləri Azərbaycan Silahlı Qüvvələrinin mütərəqqi üsullarını öyrənir, məsləhətləşmələr, tanışlıq tədbiləri keçirirlər. Hər bir ölkə önəm verdiyi bölgəyə daha çox tanınmış şəxslərini təyin edir. Çin Azərbaycana, Azərbaycan da Çinə önəm verir...
Tahirə Qafarlı