Məşhur jurnalistin cəsədi Fransada TAPILIB
Ajans.az xəbər verir ki,bu barədə Le Figaro qəzeti polis mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, jurnalistin cansız bədəni 6 yanvar tarixində yaşadığı binanın yeddinci mərtəbəsindəki mənzilinin pəncərələrinin altında tapılıb. Hadisə ilə bağlı ilkin olaraq intihar ehtimalı nəzərdən keçirilir. Polis əməkdaşları mənzildə pəncərənin yanında stul, zibil qutusunda isə çoxsaylı dərman vasitələri aşkar ediblər. Fransa mediası mərhumun doğum yerini Kraçorpok kimi qeyd edir. Onun 38 yaşında olduğu bildirilir. Fransada yaşayan jurnalist Denis Balaşovun sözlərinə görə, ölən şəxs jurnalist Yevgeni Safronovdur. Balaşov bildirib ki, Safronov çalışdığı media qurumu “xarici agent” elan edildikdən sonra 2022-ci ildən əvvəl Rusiyanı tərk edib. Jurnalist təxminən altı ay əvvəl Parisdə məskunlaşıb. Onun sözlərinə görə, Safronov son vaxtlar psixoloji çətinliklər yaşayırdı. “Təxminən bir həftə əvvəl o, telefonunun, sosial şəbəkə və messencer hesablarının, eləcə də dövlət xidmətləri platformasındakı hesabının haker hücumuna məruz qaldığını demişdi. Bu hadisə onu ciddi şəkildə narahat etmişdi”, – deyə Balaşov qeyd edib. Hadisə ilə bağlı araşdırma aparılır. 