AZ

Hələb şəhərində komendant saatı elan edildi

Suriyanın Hərbi Əməliyyatlar Qərargahı Hələb şəhərinin üç məhəlləsində komendant saatının tətbiq olunduğunu açıqlayıb.

Editor.az xəbər verir ki, qərara əsasən, Şeyx Maksud, Əşrəfiyyə və Bəni Zeyd məhəllələrində saat 13:30-dan etibarən ikinci bir bildirişədək sokağa çıxmaq qadağan edilib.

Qərargahın məlumatında bildirilib ki, yanvarın 6-dan etibarən Suriya Ordusu ilə SDG arasında başlayan toqquşmalar fonunda sözügedən ərazilərdə SDG mövqelərinə qarşı nöqtə zərbələri ilə əməliyyatlara start veriləcək.

Açıqlamada qeyd olunub ki, əməliyyatlar saat 13:30-dan etibarən həyata keçiriləcək və təhlükəsizlik məqsədilə mülki şəxslərin hərəkəti məhdudlaşdırılıb.

Xatırladaq ki, Hələbdə yanvarın 6-da başlayan qarşıdurmalar nəticəsində 1 hərbçi və 5 mülki şəxs həyatını itirib, 31 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Suriya Ordusu SDG ilə təmas xəttinə onlarla tank və zirehli transportyor, eləcə də əlavə canlı qüvvə cəlb edib.

Davam edən toqquşmalar səbəbindən şəhər mərkəzində dövlət qurumlarının fəaliyyəti dayandırılıb, məktəblərdə və universitetlərdə tədris müvəqqəti olaraq təxirə salınıb. Eyni zamanda, Hələb Beynəlxalq Hava Limanında uçuşlar da dayandırılıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
21
editor.az

1Mənbələr