"Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan dili ilə bağlı səsləndirdiyi fikirlər dövlətin milli-mənəvi dəyərlərə, xüsusilə ana dilinə verdiyi strateji önəmin növbəti bariz ifadəsidir. Dövlət başçısının çıxışlarında Azərbaycan dilinin qorunması, zənginləşdirilməsi və cəmiyyətin bütün sahələrində düzgün istifadəsi məsələsinə xüsusi həssaslıqla yanaşması təsadüfi deyil. Çünki dil yalnız ünsiyyət vasitəsi deyil, milli kimliyimizin, tarixi yaddaşımızın və dövlətçiliyimizin əsas sütunlarından biridir".
Bunu AGMA-nın sədri Pərvinə Qədimova QHT.az-a bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycan dili dövlət dili kimi hüquqi baxımdan tam təmin olunmuş vəziyyətdə olsa da, praktik müstəvidə bir sıra problemlərlə üz-üzədir:
"Xüsusilə gündəlik danışıqda yad sözlərin ölçüsüz şəkildə işlədilməsi, sosial şəbəkələrdə dil normalarına etinasız yanaşma, gənclər arasında ədəbi dilə marağın azalması əsas problemlər sırasındadır. Bundan əlavə, reklam mətnlərində, ictimai məkanlarda və rəqəmsal platformalarda dilin estetik və qrammatik qaydalarının pozulması ədəbi dilin nüfuzuna mənfi təsir göstərir. Prezidentin bu məsələlərə diqqət çəkməsi cəmiyyət üçün ciddi bir mesajdır: Azərbaycan dili qorunmalı və inkişaf etdirilməlidir".