ABŞ prezidenti Donald Tramp Venesuelada həyata keçirilən hərbi müdaxilədən sonra Vaşinqtonun bu ölkənin idarəçiliyində söz sahibi olmaq cəhdlərinin uzun müddət davam edə biləcəyini bildirib.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Tramp "The New York Times” qəzetinə verdiyi müsahibədə ABŞ-ın yanvarın 3-dən etibarən hərbi müdaxiləyə başladığını iddia etdiyi Venesuelanın gələcəyi ilə bağlı açıqlamalar verib. ABŞ-ın Venesuelanı idarə etməyi və ölkənin zəngin neft ehtiyatlarından istifadə etməyi illərlə davam etdirə biləcəyini deyən Tramp, bu prosesin nə qədər sürəcəyinə dair suala "Zaman göstərəcək” cavabını verib.
ABŞ prezidentinin sözlərinə görə, Vaşinqton Venesuelanı "sərfəli şəkildə yenidən qurmağı” planlaşdırır. Tramp bildirib ki, ABŞ Venesuelanın neft ehtiyatlarından istifadə edəcək və bu yolla neft qiymətlərinin aşağı salınmasına nail olmağa çalışacaq. Onun fikrincə, bu addımlar Venesuelaya ciddi maliyyə dəstəyi verilməsinə imkan yaradacaq.
Tramp həmçinin həbsdə olan prezident Nikolas Maduronun administrasiyasında çalışmış bəzi keçmiş rəsmilərdən ibarət müvəqqəti hökumətin ABŞ-la əməkdaşlıq etdiyini qeyd edib. O, Vaşinqtonun hazırkı Karakas administrasiyasından "zəruri hesab etdiyi hər şeyi” əldə etdiyini iddia edib.
ABŞ prezidenti Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigezlə görüşüb-görüşməyəcəyi və ölkədə seçkilərin nə vaxt keçiriləcəyi ilə bağlı sualları isə cavabsız qoyub.
Digər tərəfdən, Tramp ABŞ dövlət katibi Marko Rubionun Rodrigez və keçid hökumətinin digər nümayəndələri ilə sıx əlaqədə olduğunu bildirib.
Tramp gələcəkdə Venesuelaya səfər etmək niyyətində olduğunu da açıqlayaraq, "Düşünürəm ki, bir vaxt gələcək bu ölkə təhlükəsiz olacaq”, – deyə əlavə edib.