AZ

Almaniya sənayesinə olan sifarişlərdə artım üçüncü aydır davam edir

Berlin, 8 yanvar, AZƏRTAC

Almaniya sənayesi noyabrda əvvəlki ayla müqayisədə 5,6 faiz çox sifariş alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Federal Statistika İdarəsinin məlumatında qeyd olunub.

Bu, 2024-cü ilin dekabrından bəri ən yüksək göstərici olmaqla yanaşı, sifarişlərdə artımın qeydə alındığı ardıcıl üçüncü aydır.

İnkişaf əsasən metal məmulatları istehsalçıları üzrə sifarişlərin 25,3 faiz, digər nəqliyyat vasitələrinin (təyyarələr, gəmilər, qatarlar, hərbi texnika) istehsalı sahəsində isə 12,3 faiz artması ilə bağlıdır. Bu sahələrdə irihəcmli sifarişlər qeydə alınıb.

Bundan başqa, elektrik, maşınqayırma və məlumat emalı avadanlıqları istehsalı sahələrində də müəyyən artım müşahidə olunub.

Noyabrda daxili tələbat əvvəlki ayla müqayisədə 6,5 faiz, xarici tələbat isə 4,9 faiz artıb. Avrozonadan gələn sifarişlər 8,2 faiz, dünyanın qalan hissəsindən olan sifarişlər isə 2,9 faiz yüksəlib. Bu tempin davam edib-etməyəcəyi qeyri-müəyyən olsa da, analitiklər sənayedə vəziyyətin hələ də gərgin olaraq qaldığını ifadə edirlər.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
77
2
azertag.az

3Mənbələr