Bakı, 8 yanvar, AZƏRTAC
Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Sammiti təşkilata üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsi baxımından mühüm siyasi platforma kimi yadda qaldı. Sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Türk dövlətləri arasında hərbi əməkdaşlığın gücləndirilməsi və birgə hərbi təlimlərin keçirilməsi ilə bağlı irəli sürdüyü təklif regional təhlükəsizliyin təmin olunmasına yönəlmiş strateji təşəbbüs kimi qiymətləndirilir.
Bunu AZƏRTAC-a açıqlamasında Kocaeli Heydər Əliyev mədəniyyət mərkəzinin direktoru Bilal Dündar bildirib.
Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb geosiyasi proseslər, artan təhlükəsizlik çağırışları və qeyri-sabitlik dövlətlər arasında koordinasiyalı yanaşmanın vacibliyini ön plana çıxarır.
“Bu baxımdan TDT çərçivəsində təhlükəsizlik məsələlərinin gündəliyə gətirilməsi təşkilatın fəaliyyət dairəsinin genişləndirilməsindən xəbər verir. Prezident İlham Əliyevin səsləndirdiyi təklif Türk dövlətləri arasında hərbi sahədə mövcud əməkdaşlıq mexanizmlərinin daha da inkişaf etdirilməsini, qarşılıqlı etimadın möhkəmləndirilməsini və birgə fəaliyyət imkanlarının artırılmasını nəzərdə tutur. Birgə hərbi təlimlər ordular arasında əməliyyat uyğunluğunun yüksəldilməsinə, təcrübə mübadiləsinin gücləndirilməsinə və regional təhlükəsizliyə töhfə verən praktik mexanizmlərin formalaşmasına xidmət edir. Azərbaycan son illərdə regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslı və prinsipial xarici siyasət nəticəsində Azərbaycan etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi mövqeyini möhkəmləndirib. Bu kontekstdə Qəbələ Sammitində irəli sürülən təşəbbüs Azərbaycanın Türk dünyasında artan siyasi nüfuzunun və məsuliyyətli mövqeyinin göstəricisidir. Eyni zamanda, bu çağırış TDT-nin beynəlxalq müstəvidə rolunun artmasına xidmət edir. Təklifin mahiyyəti heç bir üçüncü tərəfə qarşı yönəlməyərək, üzv dövlətlərin öz təhlükəsizlik maraqlarını təmin etməyə və regional sabitliyə töhfə verməyə hesablanıb”, - deyə o vurğulayıb.
Bilal Dündarın sözlərinə görə, Qəbələdə keçirilən TDT Sammiti Türk dövlətləri arasında əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi baxımından əlamətdar hadisə kimi dəyərləndirilir: “Prezident İlham Əliyevin hərbi əməkdaşlıq və birgə təlimlər barədə irəli sürdüyü təşəbbüs, Türk dünyasında kollektiv təhlükəsizlik yanaşmasının formalaşmasına mühüm töhfə verən strateji addım kimi qiymətləndirilə bilər”.