ABŞ Hərbi Dəniz Qüvvələri açıq dənizdə Rusiya bayrağı altında üzən “Marinera” gəmisini ələ keçirib.
Rusiya Nəqliyyat Nazirliyinin yaydığı məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbçiləri açıq dənizdə “Marinera” adlı gəmiyə çıxıb. Hadisədən dərhal sonra gəmi ilə əlaqə tamamilə kəsilib. Bildirilib ki, “Marinera” gəmisi Rusiya Federasiyasının dövlət bayrağı altında üzmək üçün müvəqqəti icazə alıb. Nazirlik vurğulayıb ki, heç bir dövlət başqa ölkənin yurisdiksiyasında qanuni şəkildə qeydiyyatdan keçmiş gəmilərə qarşı güc tətbiq etmək hüququna malik deyil. Açıqlamada baş verənlərin beynəlxalq dəniz hüququnun pozulması olduğu qeyd edilib. Bu hadisə Rusiya-ABŞ münasibətlərində gərginlik yaradıb və proseslərin hansı məcraya yön alacağı müəyyən suallar doğurur.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ Rusiyaya məxsus tankeri ələ keçirməklə Trampın Putinə qarşı olan müsbət revanşları dəyişdi:
“Bu xüsusda Dövlət katibi Marko Rubionun xüsusi fəallığı mühüm rol oynayıb. Rusiyaya məxsus Atlantik okeanında mühafizə altında olan tankerə həmlə ABŞ-nin beynəlxalq geosiyasi mövqelərini gücləndirir. Həmçinin Ukrayna böhranında Moskvaya mesaj vermiş olur. ABŞ-nin Rusiyanın neft tankerini ələ keçirməsi Vladimir Putin və Donald Tramp arasında münasibətlərin kəskinləşməsi deməkdir. Baş verənlər məhz Ukraynanın maraqlarına xidmət edir”.
Politoloq deyib ki, artıq Rusiyanın bəzi addımları Vaşinqtonun mövqeyini dəyişməsinə səbəb olub:
“Belə ki, Rusiyanın 20 bəndlik sülh planına müsbət yanaşmaması, müharibəni davam etdirməsi və yalandan Putinin iqamətgahına hücumu ortaya atması Ağ Evin mövqeyini dəyişib”.
“Təbii ki, burada prezident Donald Trampı Rusiyayönümlü siyasətindən çəkindirə biliblər. Proseslərin bundan sonra necə cərəyan edəcəyini isə zaman göstərəcək”, – deyə ekspert vurğulayıb.