AZ

Dərsliklər monopoliyadan çıxır: ictimai müzakirə nəyi necə dəyişəcək?

Dərsliklər monopoliyadan çıxır: ictimai müzakirə nəyi necə dəyişəcək?

Orta məktəblərdə tətbiq olunan dərs proqramları bəzən akademik tərzi ilə yalnız şagirdləri deyil, valideynləri və müəllimləri də yorur. Bu, cəmiyyəti uzun müddətdir düşündürən məsələlərdən biridir və ekspertlər, mətbuat tərəfindən dəfələrlə müzakirə olunub, müxtəlif təkliflər irəli sürülüb, iradlar bildirilib. Azərbaycanda təhsil sahəsində islahatlar çərçivəsində dərslik siyasəti xüsusilə diqqət mərkəzindədir. Məqsəd məktəbliləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərlə təmin etmək, milli və ümumbəşəri dəyərlər əsasında formalaşmış, müstəqil və demokratik düşüncəli vətəndaşlar yetişdirməkdir. Dərsliklərin məzmununun və formasının müasir təhsil tələblərinə uyğun, milli kurikuluma cavab verəcək şəkildə hazırlanması böyük əhəmiyyət kəsb edir.

Bu baxımdan Elm və Təhsil Nazirliyinin elan etdiyi metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesi diqqət çəkir. AFN.az xatırladır ki, elm və təhsil naziri Emin Əmrullayev də ötən il müəllimlərin sentyabr konfransında çıxışı zamanı dərslik probleminə toxunub. O, xüsusilə Azərbaycan tarixi fənnini vurğulamaqla, bir sıra fənlər üzrə dərsliklərin səviyyəsindən narazı olduğunu qeyd etmişdi. Nazirin "Oturub uşaqlara normal dərsliklər yazmaq lazımdır" ifadəsi mediada manşetlərə çıxmaqla yanaşı, təhsilalanlarda və təhsilverənlərdə bir ümid yaradıb. Söhbətləşdiyimiz ibtidai sinif müəllimləri bildirirlər ki, hazırkı ibtidai sinif dərslikləri (kitablar) məzmunca, demək olar ki, yararsız vəziyyətdədir. Bu səbəbdən də müəllimlər daha çox əlavə vəsaitlərə üz tutmağa məcbur olurlar. Bu da bəzən valideynlərlə problem yaşanmasına gətirib çıxarır. Vəziyyətdən yeganə çıxış yolu isə təbii olaraq keyfiyyətli dərsliklər hazırlamaqdır.

Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi AFN.az-a məsələ ilə bağlı açıqlamasında bildirib ki, nazirliyin dərsliklərin ictimai müzakirəsini başlatması təqdir olunası haldır. "Ümidvaram nəticəsi olar və ictimai rəy (təklif, tələb, tənqid) nəzərə alınar" - deyə ekspert qeyd edib. Onun sözlərinə görə, indiyə qədər dərsliklər çapa hazırlanmamışdan əvvəl heç vaxt ictimai müzakirəyə çıxarılmayıb: "Yalnız müəlliflər vəsaitləri hazırlayıblar, sonra nəşrə verilib. Təbii ki, ictimai rəy mütləq nəzərə alınmalıdır. İctimai rəyi verənlər də müəllimlərdir, valideynlərdir, təhsil sahəsi üzrə elmi tədqiqat işləri aparan şəxslər, təhsil mütəxəssisləridir. Bu şəxslərin fikirləri, tənqidləri, tələb və təklifləri mütləq nəzərə alınmalıdır. Bilirsiniz ki, dərsliklərin hazırlanması ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərar və qaydaları var. Burada müvafiq olaraq şagirdlərin yaş psixologiyası, onların fiziki durumu, verilən informasiyaların elmiliyi, həqiqliyi nəzərə alınmalıdır. Eyni zamanda dərsliklərdə yer almamalı olan məqamlar da var. Bunlar irqi, cinsi ayrı-seçkilik, milli ədavət zəminində fikirlər, siyasi baxımdan qarışıqlıq yaradan fikirlərdir. Buna qədər bizim tarix, biologiya dərsliklərimizdə, hansı ki, elm və təhsil naziri özü də vurğulayıb, o cümlədən, xarici dil fənn blokuna daxil olan dərsliklərimizdə, fizika və s. fənlərlə bağlı çatışmazlıqlar var. Biz bu dərsliklərin məzmununu elə səviyyəyə çatdırmalıyıq ki, onları oxuyub anlamaq şagirdlər üçün asan olsun. Nazirlər Kabinetinin müvafiq qərarında da bu, xüsusi olaraq vurğulanır: dərsliklər yığcam, anlaşılan dildə və elmi əsaslı olmalıdır".

E.Əfəndinin sözlərinə görə, indiyə qədər dərslik istehsalı monopoliyada olub, bir müəllif uzun illər dərslik yazıb: "Bu, belə olmalı deyil. Dünya təcrübəsində fərqli-fərqli müəlliflər dərsliyin hazırlanmasında müştərək çalışırlar. Fərqli fikirlərin olması da ortaya daha dəqiq, daha informativ dərsliklərin meydana çıxmasına səbəb olur. Bilirsiniz ki, hazırda www.trims.edu.az adlı platforma yaradılıb, həmin platforma üzərindən ictimai rəyə təklif olunan dərsliklər təklif edilir. İstənilən şəxs ora daxil olub öz təkliflərini və iradlarını bildirə bilər. Prosesdə mən də iştirak edəcəm və təkliflərimi verəcəm. Görsəm ki, nöqsanlar var, onlarla bağlı təbii ki, iradlarımı da qeyd edəcəm".

Seçilən
15
afn.az

1Mənbələr