“Mövcud proseslərə baxanda İranın molla rejiminin qarşısında bir neçə müxtəlif istiqamət dayanır. Cəmiyyətdə uzun illər yığılan narazılıq, iqtisadi durumun pisləşməsi, gənclərin mövcud ideoloji çərçivədən uzaqlaşması və ölkənin getdikcə daha çox təcrid olunması hakimiyyətin dayaqlarını zəiflədir”.
Bu fikirləri politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında səsləndirib.
“Bütün bunlar islahat ehtiyacının artdığını göstərir, amma rejimin daxilində belə bir addımı atmaq üçün nə real siyasi iradə, nə də çevik institusional mexanizminin görünür. Dini elitanın qapalı strukturu və təhlükəsizlik orqanlarının dominant mövqeyi rejimi dəyişiklikdən daha çox özünü qoruma xəttinə yönəldir”.
Politoloq qeyd edir ki, digər tərəfdən baş verənlər onu göstərir ki, Tehran təzyiq artdıqca sərtləşmə yolunu seçir.
“Son illərdə etirazlara verilən reaksiyalar, informasiya məkanına nəzarətin genişləndirilməsi və təhlükəsizlik aparatının səlahiyyətlərinin artırılması bu xəttin davamlı olacağını göstərir. Bu sərtləşmə rejimin güclənməsi yox, əksinə zəiflədiyini gizlətmək cəhdidir. Əgər iqtisadi çöküş, sosial etimadsızlıq və regionda artan gərginlik bir yerdə davam etsə, sistemin müəyyən mərhələdən sonra tədricən aşınması daha real görünür. Bu proses qəfil bir inqilab formasında yox, daha çox elita daxilində parçalanma və dövlət institutlarının yavaş-yavaş funksiyasını itirməsi şəklində baş verə bilər”.
Müşviq Tofiqoğlu
KONKRET.az