AZ

Xərçəng riskini azaldan qidalanma növüaçıqlandı

Veqan, lakto-ovo-vegetarian və pesko-vegetarian qidalanma tərzləri xərçəngin inkişaf riskini azalda bilər.

Redaktor.az xəbər verir ki, bu barədə dietoloq–qastroenteroloq, Nuriya Dianova Gazeta.ru-ya açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, 2025-ci ilin avqustunda dərc olunan tədqiqatda müxtəlif vegetarian qidalanma növləri ilə xərçəng riskləri arasında əlaqə araşdırılıb. Nəticələr göstərib ki, gənc yaşlarda veqanlarda süd vəzi və prostat xərçənginə tutulma göstəriciləri daha aşağı olub. Yaşlı yaş qrupunda isə pesko-vegetarianlarda kolorektal xərçəng və süd vəzi xərçəngi halları daha az müşahidə edilib.

Araşdırmaya əsasən, veqan və lakto-ovo-vegetarianlarda limfoproliferativ və limfoid leykozlarla əlaqəli xərçəng növlərinə daha az rast gəlinib. Bütün vegetarianlarda, xüsusilə də lakto-ovo-vegetarianlarda mədə xərçəngi riski aşağı olub. Dianova bildirir ki, bu nəticələr xüsusilə mədə-bağırsaq sistemi xərçənglərinin qarşısının alınmasında bitki əsaslı qidalanmanın mühüm rol oynadığını göstərir.

Həkimin sözlərinə görə, emal olunmuş ət məhsulları (hisə verilmiş, duzlanmış, tərkibində nitrit və konservantlar olan ətlər) mədə və kolorektal xərçəng üçün əsas risk faktorlarından biridir. Emal prosesi zamanı əmələ gələn bəzi maddələr bağırsaq hüceyrələrinin DNT-sinə zərər verərək mutasiyalara və şişlərin yaranmasına səbəb ola bilər.

Mütəxəssis vurğulayıb ki, rasionda bitki mənşəli qidaların üstünlük təşkil etməsi süd vəzi və kolorektal xərçəng kimi ən geniş yayılmış iki xərçəng növünün riskini azalda bilər. Bunun üçün emal olunmuş və qırmızı ətin istehlakı azaldılmalı, ət balıq, yumurta və süd məhsulları ilə əvəzlənməli, bitki mənşəli zülal mənbələrinə, həmçinin tərəvəz, göyərti, meyvə və giləmeyvələrə mütləq yer verilməlidir.

Dianovanın fikrincə, qidalanma tərzinin dəyişdirilməsi xərçəngin profilaktikasında mühüm rol oynaya bilər və sağlam həyat tərzinin əsas sütunlarından biridir.

Nuriyyə NATİQQIZI

Seçilən
27
1
redaktor.az

2Mənbələr