"Əməkdaşlıq modelində iki, üçtərəfli və çoxtərəfli əməkdaşlıq nümunələri mövcuddur. Azərbaycan, Şərqlə Qərbi əlaqələndirən bir körpü rolunu oynayaraq, bu əməkdaşlıq modellərini uğurla inkişaf etdirib. Bu modellərin TDT formatına transformasiyası nəticəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər üzv ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlıq nümunələri yaradılıb".
Bunu Milli Məclisin deputatı Azər Allahverənov QHT.az-a bildirib. Onun sözlərinə görə, bu əməkdaşlıq modeli çərçivəsində vətəndaş cəmiyyəti institutları, xüsusilə QHT-lər fəal iştirak edir. Dövlətlərarası proseslərin çevik şəkildə həyata keçirilməsi zaman tələb edir, amma QHT-lər bu əlaqələrin daha dinamik və effektiv inkişaf etməsinə töhfə verə bilər:
"2025-ci ilin sentyabr ayının 25-də Naxçıvan şəhərində TDT üzv ölkələrinin QHT-lər platforması təsis edilmişdir. Bu platforma vasitəsilə üzv ölkələrdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları əlaqələndirilmiş şəkildə fəaliyyət göstərəcək və ictimai diplomatiyanın təşviqinə, ortaq dəyərlərin qorunmasına, humanitar əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək".
Deputat həmçinin bildirib ki, bütün bu proseslər Azərbaycan QHT-lərinin fəal iştirakı ilə reallaşır və nəticədə Türk Dövlətləri Təşkilatının inkişaf strategiyasına real töhfə verilir. Bu platforma və həyata keçirilən inteqrasiya layihələri gələcəkdə Türk dünyasının inkişafına xidmət edən strateji addımların əsasını təşkil edəcək.
Pərvanə Fərhadqızı