Bakı, 8 yanvar, Günel Alıyeva, AZƏRTAC
Turizm sahəsinin inkişafı dövlət üçün prioritet istiqamətlərdən biri olmaqla, ölkəyə ciddi valyuta axını təmin edən mühüm iqtisadi fəaliyyət sahəsidir. Bu baxımdan əsas şərtlərdən biri ölkədə sabitliyin və təhlükəsizliyin qorunmasıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Skal Baku Turizm peşəkarları təşkilatının sədri Ceyhun Aşurov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda turizmin dayanıqlı inkişafına xidmət edən bir sıra mühüm amillər aydın şəkildə görünür: genişmiqyaslı quruculuq işləri aparılır, ölkədə 9 beynəlxalq hava limanı fəaliyyət göstərir, turizm növlərinin və marşrutların çeşidliliyi artır.
C.Aşurov qeyd edib ki, Azərbaycan artıq bir sıra iri beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməklə bu sahədə ciddi təcrübə formalaşdırıb və böyükmiqyaslı tədbirləri yüksək səviyyədə təşkil etmək potensialına malikdir. O, Şahdağda iri miqyaslı tədbirlərin keçirilməsini, xüsusilə Dünya Çempionatının burada ilk dəfə təşkil olunmasını ayrıca diqqətəlayiq məqam kimi dəyərləndirib.
“İnanırıq ki, bu kimi tədbirlər Azərbaycanın turizm məkanı və turizm destinasiyası kimi daha geniş tanınmasına, yeni auditoriyalara çıxmasına xidmət edir”, – deyə təşkilat sədri vurğulayıb.
Onun sözlərinə görə, bu cür beynəlxalq yarışlar ölkəyə gələn turistlərin səfər məqsədini təkcə idmanla məhdudlaşdırmır: “Qonaqlar yarışları izləməklə yanaşı, milli mətbəximizlə tanış olur, tarixi-mədəni abidələrimizi ziyarət edir, paytaxt Bakını kəşf edir, regionun iqlim şəraiti və coğrafi xüsusiyyətləri barədə daha dolğun təsəvvür formalaşdırırlar. Bu isə gələcəkdə təkrar səfərlərin sayının artmasına və ölkənin turizm potensialının daha da güclənməsinə şərait yaradır”.
Ceyhun Aşurov bildirib ki, hazırda ölkəmizdə, xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı işlər görülür, yeni hotellər və turizm infrastrukturu qurulur.
Onun fikrincə, hotellərin sayı hazırda turizmin bütün potensialını ifadə etmək üçün yetərli olmaya bilər, lakin bu göstərici mərhələli şəkildə artırıla, stimullaşdırıla və yeni investisiyalar hesabına daha da genişləndirilə bilər: “Dövlət başçısının da vurğuladığı kimi, mövcud turist axını hələ real potensialı tam əks etdirmir. Hazırda ölkəyə gələn turistlərin sayı təxminən 2,5–3 milyon civarındadır. Halbuki bu göstəricini ən azı iki dəfə artırmaq mümkündür və 5–6 milyon turistin Azərbaycana gəlməsi real, əldəolunan hədəf kimi görünür”.
Ceyhun Aşurov vurğulayıb ki, sektor daim hazırlıqlı olmalıdır: “Burada təkcə infrastrukturun gücləndirilməsi deyil, eyni zamanda insan kapitalının inkişafı da vacibdir. Turizm yalnız bir dövlət qurumunun işi deyil. Bu sahə bir sıra dövlət qurumlarından sıx koordinasiyalı fəaliyyət və effektiv əməkdaşlıq tələb edir. Belə bir işbirliyi təmin olunduğu halda, biz daha böyük turist axınını qəbul edə, turizmdən əldə olunan gəlirləri əhəmiyyətli dərəcədə artıra bilərik”.