"TRİPP marşrutunun işə düşməsi regionda ABŞ-nin rolunu bir daha təsdiqləyir. Zəngəzur dəhlizinin Prezident Donald Trampın adını daşıması onun bu prosesdə zəmanətçi rolunu simvolik şəkildə ifadə edir. Adın necə olmasından asılı olmayaraq, əsas məqam mahiyyətin dəyişməməsidir. Cənab Prezidentin vurğuladığı kimi, Zəngəzur dəhlizi açılacaqdır. Bu, Prezident İlham Əliyevin uğurlu diplomatiyasının və qətiyyətli siyasətinin nəticəsidir. TRİPP üzrə anlaşma Ermənistan və ABŞ arasında imzalanıb. Ermənistan ərazisində 43 kilometrlik dəmiryolu xəttinin tikintisi üçün ABŞ maliyyə dəstəyi göstərir. Azərbaycan tərəfində isə 110,4 kilometrlik Horadiz–Ağbənd dəmiryolunun, Naxçıvan Muxtar Respublikasında isə Sədərəyədək 188 kilometrlik dəmiryolu xəttinin inşası nəzərdə tutulur. Sədərəkdən Qars–Dilucu istiqamətində Türkiyə tərəfindən dəmiryolu çəkiləcək".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Zəngəzur dəhlizinin açılacağına əminliyini bildirib. Hazırda layihə üzrə əsas maneələr aradan qaldırılıb və proses praktik mərhələyə keçib. Dəhliz həm Azərbaycanın regional tranzit rolunu, həm də Türk dünyasının inteqrasiyasını gücləndirəcək.
Deputat qeyd edib ki, bu xətt Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında ilk birbaşa dəmiryolu əlaqəsini təmin edəcək.