Bakı, 8 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsində ABŞ ilə ölkəmiz arasındakı münasibətlərdə yeni mərhələnin başladığını və yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq 907-ci düzəlişin hələ də qüvvədə qalmasını ədalətsizlik kimi xarakterizə etdi.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü, xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev deyib.
Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrin bərpası təsadüfi xarakter daşımır və ehtimal ki, bədnam “düzəliş” aradan qaldırılacaq.
“ABŞ-Azərbaycan münasibətlərindəki müsbət transformasiyaya nəzər salaraq demək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Zəfər qazanaraq regionda yeni reallıqlar yaratdı. Qlobal siyasi prosesləri diqqətlə izləyən ABŞ bu reallıqlardan səmərəli istifadə etməyə çalışaraq Azərbaycan ilə Ermənistan arasında sülh prosesini məntiqi nəticəyə çatdırmaq üçün Ağ Evdə tərəflər arasında sənəd imzalanmasına nail oldu. Məhz bu sənədin imzalanmasından sonra sülh prosesi sürətləndi. Azərbaycan Mərkəzi Asiyadan Ermənistana dəmir yolu ilə yükdaşımalara icazə verdi. Bunun qarşılığı olaraq Ermənistan da Türkiyə ilə Azərbaycan arasında dəmir yolu əlaqəsinə maneə yaratmayacağını bəyan etdi. Prezident İlham Əliyevin irəli sürdüyü Zəngəzur dəhlizinin də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlandırılması da təsadüfi xarakter daşımır. Bu, Amerikanın artıq regiona nüfuz etdiyini göstərir”, - deyə Cavid Vəliyev qeyd edib.
Avrasiyaya nəzarət etməyə çalışan ABŞ-ın Mərkəzi Asiya respublikalarının və Azərbaycanın maraqlarının üst-üstə düşməsini təmin etməyə çalışdığını deyən şöbə müdiri, buna misal olaraq Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu göstərib: “Azərbaycan coğrafi mövqeyi ilə yanaşı infrastruktur layihələri ilə də Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə, Şərqi və Qərbi Avropa ilə birləşdirir. Bütün bunlar ABŞ-ın regionumuza nüfuz etməsi, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurması üçün vacib şərtlərdir”.