Qahirə, 8 yanvar, AZƏRTAC
BMT-nin İraqa Yardım Missiyası (UNAMI) başa çatır. Bundan sonra BMT İraqdakı fəaliyyətində missiya və siyasətə əsaslanan yanaşmadan inkişafa daha çox diqqət yetirməyə keçir.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin İraqdakı rezident əlaqələndiricisi Qulam Məhəmməd İshaqzay tərəflər arasında beşillik əməkdaşlıq çərçivəsinin imzalanması mərasimində deyib.
O əlavə edib ki, təşkilat bununla İraqın sosial və iqtisadi ehtiyaclarını dəstəkləyəcək. Həmçinin, son 20 ildə əldə edilmiş əhəmiyyətli işlərə əsaslanaraq bu nailiyyətləri qorumaq və İraq strukturlarını dəstəkləməyə davam edəcək. Qeyd olunan sənəd iqtisadi artım, sosial xidmətlər, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyinin təsirlərinin azaldılması, idarəetmə və qanunun aliliyi kimi əsas sahələrə yönəlib.
BMT nümayəndəsi diqqətə çatdırıb ki, İraqda son illər bir sıra sahələrdə müsbət dəyişikliklər baş verib. Yoxsulluğun səviyyəsi 2025-ci ildə 17,5 faizə qədər düşüb.
İlkin hesabatlara görə, İraq İnsan İnkişafı İndeksində yüksək insan inkişafına malik ölkə kimi təsnif edilə bilər.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə