AZ

Fransada 2026-cı ilin ilk körpəsi olan Zaid irqçi hücumların hədəfinə çevrilib

Paris, 8 yanvar, AZƏRTAC

Bu il Fransada dünyaya gələn ilk körpə olan Zaid doğulduqdan cəmi bir neçə saat sonra sosial şəbəkələrdə irqi nifrət və təhqirlərlə üzləşib. Körpə 2026-cı il yanvarın 1-də saat 01:30-da Avinyon xəstəxanasında anadan olub. Regional gündəlik qəzet “La Provence” yeni ilin ilk körpəsi ilə bağlı xəbər və foto dərc etdikdən sonra paylaşımın altındakı şərhlər qısa müddətdə nifrət dolu mesajlarla dolub.

AZƏRTAC xəbər verir ki, şərhlərdə əsasən körpənin adı və ehtimal edilən mənşəyi hədəfə alınıb. Yüzlərlə istifadəçi Zaid haqqında açıq-aşkar irqi və alçaldıcı ifadələr işlədib. Toplanan şərhlərdə Zaid “terrorçu”, “gələcək narkotik satıcısı” və digər təhqiramiz sözlərlə alçaldılıb. Bəzi istifadəçilər körpənin “maşın yandıracağını və sosial yardımlardan faydalanacağını” yazıb, digərləri isə daha da irəli gedərək zorakılığa eyham vuran ifadələr işlədiblər. Bu mesajların müəllifləri əsasən anonim profillərdən, saxta ad və şəkillərdən istifadə ediblər.

Nifrət dalğasının miqyasını nəzərə alaraq, “La Provence” “Facebook” platformasında paylaşımın altındakı şərhləri bağlayıb və irqi məzmunlu mesajları silib. Fransa qanunvericiliyinə əsasən, irqi təhqirlər görə bir ilədək həbs cəzası və 45 min avro cərimə tətbiq olunur.

Hadisə ictimaiyyət arasında ciddi etiraz doğurub və körpəyə geniş dəstək nümayiş etdirilib. Antifaşist “No Pasaran Jeunes” kollektivi Montfavet şəhərində “Xoş gəldin Zaid, Montfavet antirasistdir” və “Avinyon sənin evindir” kimi mesajlarla plakatlar yapışdırıb.

Voklüz departamentinin birinci seçki dairəsindən olan LFI deputatı Rafael Arnol baş verənləri “bir körpəyə qarşı yönəlmiş tamamilə iyrənc irqi hücumlar” adlandıraraq, bunun “irqçiliyin nə qədər absurd olduğunu” bir daha göstərdiyini bildirib.

Bir çox internet istifadəçisi də onlayn nifrətin genişlənməsindən və irqi ifadələrin adi hala çevrilməsindən narahatlığını ifadə edərək, Zaid və ailəsinə dəstək mesajları paylaşıb. Hadisə xarici mediada da işıqlandırılıb. Məsələn, Əlcəzairin TSA saytı “Fransada irqçilik artıq körpələrə qədər yayılıb” deyə yazıb.

Qeyd edək ki, Zaid Avinyonda irqi hücumlara məruz qalan ilk körpə deyil. 2025-ci ilin son körpəsi olan balaca Maryam da oxşar şəkildə nifrət dolu şərhlərin hədəfinə çevrilmişdi.

Seçilən
74
azertag.az

1Mənbələr