AZ

İspan fermerlər Aİ–MERCOSUR sazişinə etiraz edir

İspan fermerlər Aİ–MERCOSUR sazişinə etiraz edir

Avropa İttifaqı (Aİ) ilə Cənubi Amerika ölkələrinin daxil olduğu Cənub Ortak Bazarı (MERCOSUR) arasında imzalanması nəzərdə tutulan azad ticarət sazişinin rəqabətdə bərabərsizliyə yol açacağını iddia edən ispan fermerlər ölkə üzrə etiraz aksiyaları keçiriblər.

İspaniyanın Kataloniya, Bask və Qalisiya muxtar bölgələrində traktorlarla yollara çıxan fermerlər əsas magistralları bağlayıblar.

Fermerlərin aksiyalarından xüsusilə Tarragona, Girona, Vitoria və Ourense şəhərləri təsirlənib.

Fermerlərin bağlı olduqları həmkarlar ittifaqları və assosiasiyalar tərəfindən yayılan açıqlamalarda bildirilib ki, “İspaniya Avropa İttifaqının imzalamağı planlaşdırdığı MERCOSUR sazişindən geri çəkilənədək aksiyalarımız müddətsiz davam edəcək”.

Siyasətçilər tərəfindən verilən vədlərin yerinə yetirilmədiyini, aylardır səsləndirdikləri tələblərin nəzərə alınmadığını bildirən fermerlər iddia edirlər ki, kənd təsərrüfatı və heyvandarlıq məhsulları üzrə Aİ-nin sağlamlıq protokolları Cənubi Amerika ölkələrində tətbiq edilmir.

Fermerlərin fikrincə, mümkün saziş ədalətsiz rəqabətə, keyfiyyətsiz və ucuz məhsulların Aİ bazarına daxil olmasına səbəb olacaq və kənd yerlərində fermerlərin dolanışığını daha da çətinləşdirəcək.

Digər tərəfdən, iri ixracatçı şirkətlər isə MERCOSUR-u 270 milyon istehlakçısı olan böyük bazar kimi qiymətləndirirlər.

Seçilən
38
afn.az

1Mənbələr