AZ

Turan Etibaroğlu: Yeni ildə Sumqayıt Teatrının tamaşaçılarını maraqlı sürprizlər gözləyir

Bakı, 8 yanvar, AZƏRTAC

Sumqayıt Dövlət Dram Teatrı yanvarın 23-də dünya dramaturgiyasının görkəmli nümayəndəsi Jan Batist Molyerin “Jorj Danden, yaxud Aldanmış ər” əsəri əsasında səhnələşdirilən “Aldanmış ər” komediyasını teatrsevərlərə təqdim edəcək. Bu tamaşa 2026-cı il üçün teatrın ilk premyerası olmaqla yanaşı, yeni mövsümün yaradıcılıq istiqamətlərini də müəyyənləşdirir.

Bu barədə AZƏRTAC-a Sumqayıt Dövlət Dram Teatrının mətbuat katibi Turan Etibaroğlu məlumat verib.

Onun sözlərinə hörə, hazırda Mirzəağa Atəşin “Şərəfin sandığı” pyesi əsasında hazırlanan “Gəlinlərin savaşı” adlı yeni komediya tamaşasının məşqləri gedir. Yaxın vaxtlarda bu tamaşanın da premyerasının keçirilməsi nəzərdə tutulur. Hesab edirik ki, əsər mövzusu və səhnə həlli baxımından tamaşaçılar üçün maraqlı olacaq.

“Növbəti ay Sumqayıt Teatrı qardaş Türkiyədə keçiriləcək Beynəlxalq SoloFest Mono Tamaşalar Festivalında iştirak edəcək. Festivalda Ülviyyə Heydərovanın müəllifi olduğu “Pələng” monotamaşası ilə ölkəmizi təmsil edəcəyik. Bu iştirak teatrımızın beynəlxalq mədəni əlaqələrinin genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda bu ilin ilk aylarında teatr kollektivinin Mingəçevir şəhərinə və ölkəmizin müxtəlif bölgələrinə qastrol səfərlərinin həyata keçirilməsi planlaşdırılır. Məqsədimiz teatr sənətini region tamaşaçılarına daha yaxın etmək və canlı ünsiyyəti gücləndirməkdir”,-deyə sənət ocağının mətbuat katibi bildirib.

Yeni ildə tamaşaçıları maraqlı sürprizlərin gözlədiyini söyləyən T.Etibaroğlu deyib ki, vaxtilə Sumqayıt Dövlət Dram Teatrında çalışmış korifey sənətkarlardan bəzilərini yenidən səhnədə görmək mümkün olacaq.

“2026-cı ilin birinci yarısı üçün teatrın əsas fəaliyyət istiqamətləri yeni tamaşaların hazırlanması, beynəlxalq festivallarda iştirak, regionlara qastrol səfərlərinin təşkili və repertuarın zənginləşdirilməsidir. Bununla yanaşı, planlaşdırılmış fəaliyyətlərdən kənar olaraq tamaşaçıların sevdiyi, illərdir maraqla oxunan və böyük auditoriya tərəfindən rəğbətlə qarşılanan bir neçə əsərin də səhnələşdirilməsi nəzərdə tutulur. Məqsədimiz teatr repertuarını daha çevik, rəngarəng və tamaşaçı gözləntilərinə uyğun şəkildə formalaşdırmaqdır”,-deyə o diqqətə çatdırıb.

Seçilən
72
azertag.az

1Mənbələr