Bakı, 8 yanvar, Göyçək Mahmudlu, AZƏRTAC
Azərbaycanın Vətən müharibəsindəki Qələbəsini, ümumiyyətlə, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası prosesini dövlət sisteminin səhvsiz, mərhələli şəkildə yüksək səviyyədə işləməsi, aparılan düzgün xarici siyasət, hərbi və hərbi texniki məsələlərin həll olunması təmin etdi. Son 5 ildə isə, yəni Qələbədən sonra Azərbaycan, əlbəttə ki, arxayınlaşmadı. Faktiki olaraq Vətən müharibəsindən sonra da Azərbaycan Ordusunun texniki imkanlarının, döyüş hazırlığının artırılması istiqamətində addımlar atıldı. Diplomatiyanın uğuru isə Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması, ardınca isə həmin məsələnin Amerika Birləşmiş Ştatlarında tam təsdiqlənməsi, rəsmiləşməsi, paraflanması idi. Hesab edirəm ki, bütün bunların əsas səbəblərindən biri xalqın dövlətə inamı və bu istiqamətdə dövlət sisteminin yanında olması idi.
Bunu AZƏRTAC-a açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli deyib.
O bildirib ki, ordunun maddi-texniki bazasının, hərbi-texniki imkanlarının gücləndirilməsinə, döyüş hazırlığının artırılmasına milli müdafiə sənayesinin inkişafı da öz töhfəsini verir: "Bu gün Azərbaycan müdafiə sənayesi kompleksi, Müdafiə Sənayesi Nazirliyinin tərkibində olan strukturlar Ordumuzu zəruri olan məhsullarla təmin edən bir sistemdir, bir sənaye sektorudur. Həmin proses daha da böyüyür. Əlbəttə ki, ölkələrin milli təhlükəsizlik məsələlərinin əsas amillərindən biri də müdafiə sənayesi sektorunun milliləşməsidir. Yəni vacib olan məhsulların Azərbaycanda istehsalını təmin etməkdir. Bu istiqamətdə dövlətimizin başçısının proseslərdə birbaşa iştirakı, yəni diqqəti əhəmiyyətli məsələlərdən biridir. Proses təbii seçmə yolu ilə deyil, birbaşa dövlət nəzarəti, dövlətin maddi və digər inzibati resurslarının iştirakı ilə həyata keçirilir. Bu gün Azərbaycan Ordusu atıcı silahlarla, kiçik və iriçaplı mərmilərlə, patronlarla ölkənin yerli müəssisələri vasitəsilə təmin olunur. Bu isə böyük uğurdur və biz vaxtilə bunu ancaq arzu edirdik. Azərbaycan, nəinki, bu gün həmin məhsulları öz Ordusu üçün istehsal edir, həm də onları ixrac edən ölkəyə çevrilir. Azərbaycan Ordusu vaxtilə öyrənən ordu idi, yəni beynəlxalq təcrübələri mənimsəyirdi, bu gün isə artıq öyrədən orduya çevrilib. Bu baxımdan, Azərbaycan artıq xarici ölkələrə öz məhsullarını ixrac edir, həmin məhsulların həcmi getdikcə artır. Satışın, ixracın artan səbəblərindən biri odur ki, Azərbaycan məhsuluna tələbat getdikcə artır. Bu, əslində Azərbaycanın qeyri-neft sektorunun inkişafı baxımından böyük nailiyyətdir. Düşünürəm ki, müdafiə sənayesi məhz Azərbaycanın bu istiqamətdə uğurlarını təmin edə biləcək. Müdafiə sənayesi sektorunda artıq müasir elmi nəzəri bazalar əsasında silah və hərbi texnologiyaların yaradılması prosesi həyata keçirilir. Artıq bəziləri yaradılıb və bu istiqamətdə müəyyən işlər görülüb. Düşünürəm ki, həmin proses daha da güclənəcək və Azərbaycan dünyanın müdafiə sənayesi sahəsində ən inkişaf etmiş ölkələrindən birinə çevriləcək. Əlbəttə ki, bu, Azərbaycanın yeni müharibəyə hazırlaşması ilə bağlı deyil. Necə deyərlər, silah varsa, sülh də var. Güclü olmalısan ki, ölkənin vətəndaşları sülh və əmin-amanlıq içində yaşaya bilsinlər".