
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ı beynəlxalq dəniz hüququna riayət etməyə və ələ keçirdiyi Rusiya qeydiyyatlı tankerlə bağlı qanunsuz hərəkətlərinə son verməyə çağırıb.
Nazirlik Rusiyada qeydiyyatdan keçmiş və adı “Marinera” olaraq dəyişdirilmiş “Bella 1” neft tankerinin Şimali Atlantikada ABŞ Avropa Komandanlığı tərəfindən ələ keçirilməsi ilə bağlı yazılı açıqlama yayıb.
Açıqlamada bu vəziyyətin ciddi narahatlıq doğurduğu bildirilib, sözügedən tankerin Rusiya qeydiyyatlı olması barədə məlumatın ABŞ tərəfinə dəfələrlə çatdırıldığı və onun Rusiya bayrağı altında üzməsinə diqqət çəkilib.
Qeyd olunub ki, bu halda açıq dənizdə olan gəmiyə Amerika hərbçilərinin müdaxiləsi, gəminin ələ keçirilməsi və heyətin əsir alınması beynəlxalq dənizçilik hüququnun prinsip və normalarının, eləcə də naviqasiya azadlığının pozulması kimi qiymətləndirilə bilər.
Açıqlamada tankerin sahibinin qanuni hüquq və maraqlarının pozulduğu vurğulanıb, gəmi heyətinə yönəldilən ittihamların isə qəbuledilməz olduğu qeyd edilib.
Rusiya neft tankeri ilə bağlı vəziyyətin Avropa–Atlantik bölgəsində hərbi və siyasi gərginliyə səbəb ola biləcəyinə diqqət çəkilən açıqlamada bildirilib:
“Vaşinqtonu beynəlxalq dəniz hüququnun əsas norma və prinsiplərinə əməl etməyə, ‘Marinera’ tankerinə və açıq dənizlərdə qanuni fəaliyyət göstərən digər gəmilərə qarşı qanunsuz hərəkətlərinə dərhal son verməyə çağırırıq. Amerika tərəfinin tankerdə olan Rusiya vətəndaşlarına humanist rəftar göstərməsini, onların hüquq və maraqlarına hörmət etməsini və ən qısa zamanda vətənlərinə qayıtmalarına icazə verilməsini tələb edirik.”