AZ

Avropa Yenidənqurma və İnkişaf Bankı Kiyevə su elektrik stansiyaların bərpası üçün 75 milyon avro kredit ayırıb

Bakı, 8 yanvar, AZƏRTAC

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Ukraynanın su elektrik stansiyalarının bərpası məqsədilə Kiyevə 75 milyon avro məbləğində kredit ayırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.

“AYİB Ukraynaya su elektrik stansiyaların modernləşdirilməsi və bərpası üçün 75 milyon avro kredit təqdim edir” – deyə nazirliyin “Telegram” kanalında bildirilib. Kredit AYİB ilə Ukraynanın “Ukrhidroenerqo” dövlət şirkəti arasında imzalanmış saziş çərçivəsində veriləcək.

Bununla yanaşı, Ukrayna hərbi vəziyyət şəraitində su elektrik stansiyaların bərpasına və dayanıqlı fəaliyyətinin təmin olunmasına dəstək məqsədilə 20 milyon avro məbləğində qrant da alacaq. AYİB-dən ayrılan vəsait zədələnmiş avadanlığın əvəzlənməsinə, su enerjisinin istehsalının ayrı-ayrı obyektlərinin modernləşdirilməsinə, həmçinin enerji sisteminin sabit işləməsini təmin etmək üçün fövqəladə reaksiya mexanizminin formalaşdırılmasına yönəldiləcək.

Ukraynanın Energetika Nazirliyi daha əvvəl bildirmişdi ki, ölkədə baş verən partlayışlar nəticəsində bütün iri istilik və su elektrik stansiyaları zədələnib, onların istehsal gücü əhəmiyyətli dərəcədə azalıb. 2022-ci ilin fevralınadək Ukraynanın enerji sisteminin gücü təxminən 56 GVt təşkil edirdi. 2025-ci ilin noyabr ayının əvvəlinə olan məlumata görə, ölkənin enerji sisteminin ümumi gücü 13,13 GVt-a qədər azala bilər ki, bu da qış dövründə tələbatın ödənilməsi üçün kifayət deyil, belə ki, bunun üçün azı 15 GVt, pik yüklənmələr zamanı isə 18 GVt tələb olunur.

Seçilən
86
1
azertag.az

2Mənbələr