Bakı, 8 yanvar, AZƏRTAC
Çinin cari ilin ilk rübü ərzində ABŞ-ın “Nvidia” korporasiyasının “H200” süni intellekt çiplərinin idxalına başlaması gözlənilir.
AZƏRTAC xəbər verir ki, çinli rəsmilərin yerli şirkətlərin bu komponenti “Nvidia”dan müəyyən kommersiya məqsədləri üçün almasına icazə verməyə hazırlaşdıqları bildirilib. İdxalın məhdud formada reallaşması planlaşdırılır. Təhlükəsizlik səbəbindən “H200” çiplərinin orduda, kritik infrastrukturda, dövlət qurumları və müəssisələrində istifadə olunmayacağı qeyd bildirilir. Çin hökuməti “Apple” cihazları və “Micron Technology” çipləri üçün də oxşar tədbirləri görüb.
ABŞ şirkəti bununla da dünyanın ən vacib yarımkeçirici bazarlarından birinə çıxışı bərpa edəcək. “H200” nisbətən köhnə nəsil çip kimi tanınır. “Alibaba Group” və “ByteDance” şirkətlərinin 200 mindən çox “H200” çipləri sifariş verdikləri bildirilir.
Mütəxəssislərin fikrincə, yaxın illərdə təkcə süni intellekt çip seqmenti 50 milyard dollar gəlir gətirə bilər.