Suriya ordusu Hələbin bir sıra rayonlarında “Suriya Demokratik Qüvvələri”nə (SDQ) qarşı hərbi əməliyyata başlayıb. Hazırda tərəflər arasında intensiv silahlı toqquşmalar davam edir.
KONKRET.az bildirir ki, Suriya KİV-lərinin məlumatına görə, SDQ-yə aid olduğu iddia edilən atəşlər nəticəsində şəhər xəstəxanasına və tələbə yataqxanasına ziyan dəyib. Gərginliyin artması fonunda mülki əhali arasında həlak olanların sayı 7 nəfərə, yaralananların sayı isə 50-dən çox olub.
Öz növbəsində SDQ nümayəndələri hökumətyönlü qüvvələri Hələbin yaşayış məhəllələrini atəşə tutmaqda ittiham ediblər. Bildirilir ki, qarşıdurmalar zamanı Suriya ordusuna məxsus hərbi texnika və pilotsuz uçuş aparatları məhv edilib.
Hadisələrin inkişafı Bağdadda da narahatlıq doğurub. İraqın xarici işlər naziri Fuad Hüseyn Səudiyyə Ərəbistanından olan həmkarı ilə telefon danışığı zamanı Suriyada münaqişənin daha da kəskinləşməsinin İraqdakı vəziyyətə birbaşa təsir göstərə biləcəyini vurğulayıb.
Natiq Səlim,
KONKRET.az