AZ

Qivaməddin Rəhimov: Mən hər təqdimatı auditoriyaya uyğun şəkildə, fərqli hazırlayıram

Bakı, 8 yanvar, AZƏRTAC

Qarabağ müharibəsi veteranı, filologiya üzrə fəlsəfə doktoru, "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin üzvü Qivaməddin Rəhimov karyerasının ən yaddaqalan məqamları ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik:

- Siz Ümummilli Lider Heydər Əliyevin Norveç səfəri və Azərbaycan-Norveç əlaqələrindən bəhs edən 2 sənədli filmin - “Bu yalnız başlanğıcdır”, “Biz Azərbaycanı sevirik” - müəllifisiniz. Azərbaycanı beynəlxalq miqyasda tanıtmaq üçün başqa imkanlarınız olubmu?

- Əlbəttə, belə imkanlar olub və mən 10-a yaxın sənədli filmlin ərsəyə gəlməsində iştirak etmişəm. Onların arasında bir filmi xüsusi olaraq qeyd etmək istəyirəm. Bu, Almaniyanın ZDF teleşirkəti tərəfindən çəkilmiş, Heydər Əliyevin yeni neft strategiyasından bəhs edən, Almaniyanın ZDF və Fransanın ARTE telekanallarında nümayiş olunmuş “Su altında od – Xəzər nefti və qazı dünya bazarlarına necə yol tapır” adlı sənədli filmidir. Xəzər regionundakı geniş inkişafı görən Almaniyanın ZDF teleşirkəti burada hasil olan neft və qazın dünya bazarına çatdırılması barədə bir film çəkmək ideyası ilə ABƏŞ-ə müraciət etdi. Filmin əsas mövzusu neft konsorsiumu - ABƏŞ-in həyata keçirdiyi "Əsrin müqaviləsi" olub. Filmdə Prezident Heydər Əliyev, ABƏŞ prezidenti Terri Adams, SOCAR prezidenti Natiq Əliyev, Vaşinqtonun Con Hopkins Universitetinin eksperti, digər rəsmi şəxslər və mütəxəssislərlə müsahibələr yer alıb.

Mən ABƏŞ-in rəsmisi kimi bu filmin istehsalında birbaşa iştirak etmişəm və ZDF-in bu filminin ərsəyə gəlməsinə dəstək olmuşam. Bura ZDF-i konsorsiumun videoarxivindəki materiallarla təmin edilməsi, müsahibələrin təşkili, çəkiliş heyətinin müxtəlif obyektlərə səfərlərinin təşkili, eləcə də film prodüseri Fridhelm Brüknerin Prezident Administrasiyasında, ABƏŞ prezidenti və Azərbaycan Milli Televiziyasının sədri ilə görüşləri, ardınca ZDF-in bu sənədli filminin AzTV kanalında yayımlanması daxil idi.

- Siz dünyaca məşhur televiziya aparıcısı və tarixi filmlərin müəllifi olan Böyük Britaniyalı Bettany Hughes ilə də əməkdaşlıq etmisiniz. Bu barədə nə deyə bilərsiniz?

- Bettany Hughes ilə ilk tanışlığım 2018-ci ilə təsadüf edir. Həmin dövrdə o, bp-nin Azərbaycanın mədəni irsinin qorunmasına yönəlmiş layihələri çərçivəsində, ixrac boru kəməri marşrutu boyunca aşkar edilmiş orta əsrlərə aid arxeoloji tapıntılar, eləcə də qədim İpək Yolu üzərində formalaşmış erkən məskunlaşma və ticarət mərkəzləri barədə BBC üçün radio verilişləri hazırlayırdı. Bu işdə ona dəstək olmaq mənim üçün böyük bir şərəf idi.

Bettany Hughes ilə növbəti əməkdaşlığımız Qarabağın erməni işğalından azad edilməsindən sonra Azərbaycanın tarixi və mədəni irsinə həsr olunmuş, “BBC World News” telekanalında nümayiş etdirilən filmin çəkilişləri zamanı baş tutub. Film Heydər Əliyev Fondu və bp-nin tərəfdaşlığı ilə ərsəyə gəlib və Azərbaycanın zəngin mədəni irsini, işğaldan azad olunmuş Qarabağ bölgəsindəki tarixi abidələri və milli kimliyimizi formalaşdıran dəyərləri beynəlxalq ictimaiyyətə daha yaxından tanıdılması məqsədi daşıyır.

- İşinizin ən maraqlı tərəfi nədir?

- İşimin ən maraqlı tərəfi strateji düşünmək, biznes və reputasiya ilə bağlı problemlər üçün innovativ həllər tapmaqdır. Bu, yaradıcılıq elementlərini özündə birləşdirən və görüşlər zamanı peşəkar iştirakımı qorumağa imkan verən fəaliyyət sahəsidir. Bəzən bəzi həmkarlarım təqdimat materiallarının konteksti üzərində yenidən işlədiyimi, onları konkret auditoriyanın gözləntilərinə uyğunlaşdırdığımı gördükdə təəccüblənirlər. Onlar hesab edirlər ki, terminala gələn bütün qruplar üçün eyni təqdimatdan istifadə etmək olar. Halbuki, mən hər təqdimatı auditoriyaya uyğun şəkildə, fərqli hazırlayıram.

- Prezidentlərlə görüşləriniz zamanı protokoldan kənar maraqlı bir hadisə xatırlayırsınızmı?

- Bəli, bu cür görüşlərdə protokoldan kənar maraqlı məqamlar da olub. Onlardan biri “Sağ əlin mənim başıma!” - kəlamı ilə bağlıdır. Bildiyiniz kimi, 25 may 2005-ci ildə Səngəçal terminalında Xəzər Enerji Mərkəzinin açılış mərasimi keçirilib. Tədbirdə Prezident İlham Əliyevlə yanaşı, Türkiyə, Gürcüstan və Qazaxıstan prezidentləri, Böyük Britaniya Krallığından Şahzadə Endryu, eləcə də bir sıra ölkələrin yüksək vəzifəli nümayəndələri iştirak edirdilər.

Açılış mərasimi çərçivəsində qonaqlar rəmzi nişan olaraq gipsdən hazırlanmış kərpiclər üzərində öz əl izlərini qoydular və bu sonradan Xəzər Enerji Mərkəzinin rəmzinə çevrildi.

Mən terminala gələn qonaqlara hər zaman Azərbaycanda uğur qazanmış, xüsusilə taleyüklü işlərə imza atmış şəxs haqqında, “Sağ əlin mənim başıma!” - deyimi olduğunu izah edirəm. Bunu eşidən qonaqlar Azərbaycanın əldə etdiyi böyük nailiyyətləri görərək məmnuniyyətlə sağ əllərini Prezident İlham Əliyevin əl izi olan kərpicin üzərinə qoyur və ardınca başlarına çəkirlər. Bu sıradan 2024-cü ilin aprel ayında Konqo Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə səfəri çərçivəsində Azərbaycanın qlobal enerji təhlükəsizliyində oynadığı rolu ilə əlaqədar Səngəçal terminalı ilə tanışlığı mənim üçün ən yaddaqalan görüşlərdən biri olub. Qlobal əməkdaşlığın rəmzi sayılan Xəzər Enerji Mərkəzinin açılış mərasimi zamanı xarici ölkə nümayəndələrinin və dövlət başçılarının ikonik əl izləri haqqında verdiyim məlumatı dinlədikdən sonra Konqo Prezidenti Azərbaycanın uğurlarını alqışlayaraq əl çaldı. Ardınca isə sağ əlini Prezident İlham Əliyevin əl izi olan kərpicin üzərinə qoyub başına çəkdi.

Mən bu cür səhnələrin dəfələrlə şahidi olmuşam. Lakin dövlət başçısı səviyyəsində bunun baş verməsi ilk dəfə idi. Konqo Prezidentini müşayiət edən bütün qonaqlar onun bu səmimi hərəkətini alqışlarla qarşıladılar. Azərbaycanın nailiyyətlərinə heyranlığını açıq şəkildə ifadə edən Prezident Sassu-Nqessonun bu jesti çoxsaylı hökumət və dövlət rəhbərlərinin səfərləri zamanı yaddaşıma həkk olunan ən xoş xatirələrdən biri kimi qalıb.

- bp-nin dəstəklədiyi layihələr sırasında “Təbrizin sehirli nağılları” kitabını xüsusi olaraq göstərmək olar. Bu barədə nə deyə bilərsiniz?

- Bu nəşr Azərbaycanın mədəni irsinin zəngin qatlarının yenidən canlandırılmasına mühüm töhfə verib. Azərbaycan miniatür sənətinin təkamülünün əsas mərhələlərini əks etdirən “Təbrizin sehirli nağılları” həm bədii, həm də elmi baxımdan dəyərli mənbə olmaqla yanaşı, milli mədəni irsimizin beynəlxalq miqyasda tanıdılması üçün parlaq bir nümunədir. Layihə bp-nin Mədəniyyət Nazirliyi, “PAŞA Sığorta” və IRS Nəşriyyat Evi ilə tərəfdaşlığı nəticəsində həyata keçirilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq sayəsində Azərbaycanın qədim miniatür sənəti haqqında dolğun məlumatlar dünya ictimaiyyətinə çatdırılıb.

“Təbrizin sehirli nağılları” Roma Papası Fransiskə, İtaliya Prezidenti Sercio Mattarellaya, Yunanıstan Prezidenti Karolos Papulyasa, Andorranın Baş naziri Xavier Espot Zamoraya və bir sıra digər nüfuzlu şəxsiyyətlərə qiymətli hədiyyə kimi təqdim olunub. Bu fakt nəşrin beynəlxalq mədəni dialoq baxımından daşıdığı əhəmiyyəti aydın şəkildə göstərir. bp-nin bu təşəbbüsünü dəstəkləyən layihə rəhbəri olaraq, Azərbaycanın qədim miniatür sənəti barədə dünya ictimaiyyətinin məlumatını artıran “Təbrizin sehrli nağılları” kitabının nəşrinə verdiyimiz töhvəyə görə fəxr edirəm.

Bununla yanaşı, layihə rəhbəri olduğum daha bir qiymətli nəşr “İrəvan xanlığının mətbəxi” kitabı haqqında da məlumat vermək istərdim. İstər tarixi-etnoqrafik, istərsə də milli-mənəvi baxımdan bu kitab olduqca aktual bir mövzuya — İrəvan azərbaycanlılarının, bu gün “Ermənistan” adlanan ərazilərin yerli sakinləri olmuş soydaşlarımızın qədim mətbəx mədəniyyətinin tədqiqinə həsr olunub. Tarixi mənbələrə və etnoqrafik sorğulara əsaslanan bu nəşr zəngin tarixi keçmişə malik İrəvan bölgəsinin maddi, mənəvi və mədəni irsinə dair dəyərli ensiklopedik mənbədir.

“İrəvan xanlığının mətbəxi” kitabının müəllifləri Əməkdar mədəniyyət işçiləri Tahir Əmiraslanov, Oruc Əliyev və baş texnoloq Aygül Əsgərovadır. Kitabın ingilis dilində nəşrinə isə Rəşid Hüseynov dəstək göstərib.

Bu nəşr Prezident İlham Əliyevin “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” bəyanatında ifadə olunan prinsiplərə söykənir. Sözügedən bəyanat Azərbaycan və Ermənistan arasında davamlı sülh və sabitliyin təmin olunması məqsədini, eyni zamanda, ata-baba yurdlarından zorla çıxarılmış azərbaycanlıların hüquqlarının qorunmasının vacibliyini ön plana çəkir. Qeyd edim ki, bu bəyanat BMT-nin rəsmi sənədi kimi yayımlanaraq, məsələnin beynəlxalq hüquq və dinc yollarla həllinin əhəmiyyətini bir daha vurğulayıb.

Daha bir maraqlı məqam isə “İrəvan xanlığının mətbəxi” və “Təbrizin sehirli nağılları” kitablarının İsrail Prezidenti İsaak Hersoqa hədiyyə edilməsi ilə bağlıdır. Prezident Hersoq bu hədiyyələri məmnuniyyətlə qəbul edərək, xalqlar arasında sülhə və sabitliyə yönəlmiş ortaq baxışın yüksək dəyərini qeyd etdi.

Mənim üçün isə bu addım Azərbaycanın zəngin mədəni irsinin və qədim tarixinin, “İrəvanda xal qalmadı” mahnısında səslənən yurd həsrətinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edən gözəl bir fürsət idi.

Qeyd edək ki, bu gün Qivami Rəhimlinin 70 illik yubleyidir.

 

Seçilən
68
azertag.az

1Mənbələr