Paytaxtın Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən "East Park" yaşayış kompleksində sakinlərə xəbərdarlıq etmədən kommunal ödənişlər artırılıb.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, illər öncə Qarabağ küçəsində yerləşən fərdi evləri sökülüb və yeni inşa olunan kompleksdən evlə təmin ediliblər.
Həmin vaxt müqavilədə kommunal ödəniş qiyməti hər kvadratmetr üçün 45 qəpik olub, indi isə bu ödəniş 2 dəfə artırılıb.
Sakinlərin iddiasına görə, hətta ödənişi vermədikləri üçün binanın liftinin də fəalliyyəti dayandırılıb.
İddialarla bağlı suallarımızı yaşayış kompleksinin vəkili Yavər Yavərzadə cavablandırdı. Onun sözlərinə görə, 2019-cu ildən bina istismara qəbul olunub. Kommunal ödənişlərin artırılmasının səbəbi isə çəkilən xərclərin çoxalmasıdır.
Vəkil onu da əlavə edib ki, sakinlər binanın idarəedilməsindən narazı olduqları halda birləşərək Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaradaraq bu işi özləri görə bilərlər. Ancaq bu, onlara təklif olunsa da, razılaşmayıblar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.