İraq Nazirlər Kabineti Rusiyanın “Lukoil” şirkətinin fəaliyyət göstərdiyi Qərbi Qurna-2 neft yatağında əməliyyatların müvəqqəti milliləşdirilməsinə razılıq verib.
KONKRET.az xəbər verir ki, yatağın idarə olunması 12 ay müddətinə dövlətə məxsus Basra Oil Company-yə tapşırılacaq. Bu barədə Reuters məlumat yayıb.
Şirkət nümayəndəsinin agentliyə verdiyi açıqlamaya görə, əsas məqsəd ABŞ sanksiyaları fonunda yaranmış qeyri-müəyyən şəraitdə hasilat prosesinin dayanmamasını təmin etməkdir. Eyni zamanda, bu müddət ərzində “Lukoil”in payının mümkün alıcıları ilə danışıqlar aparılacaq.
Reuters-in mənbələri bildirir ki, artıq bir neçə iri investor aktivə maraq göstərib. Potensial alıcılar sırasında ABŞ-ın aparıcı neft şirkətləri Exxon Mobil, Chevron, eləcə də Carlyle adlı özəl investisiya fondu yer alır.
Qeyd edək ki, 10 noyabr 2025-ci ildə “Lukoil” Qərbi Qurna-2 yatağında fors-major vəziyyəti elan edib. Məlumatlara görə, ABŞ və Böyük Britaniyanın tətbiq etdiyi sanksiyalardan sonra İraq hakimiyyəti Rusiya şirkətinə həm nağd, həm də xam neftlə ödənişləri dayandırıb.
Qərbi Qurna-2 İraqın cənubunda, Bəsrə liman şəhərindən 65 kilometr şimal-qərbdə yerləşən və dünyanın ən iri neft yataqlarından biri hesab olunur. Yatağın ilkin çıxarıla bilən ehtiyatları təxminən 14 milyard barel qiymətləndirilir. Bu ehtiyatların 90 faizdən çoxu Mişrif və Yamama laylarında cəmləşib.
Natiq Səlim,
KONKRET.az