AZ

Donald Tramp ABŞ hərbi büdcəsinin 50 faiz artırılmasını tələb edir  

 

ABŞ Prezidentinin dediyinə görə, 1,5 trilyon dollarlıq hərbi büdcə Vaşinqtona "xəyal ordusu" yaratmağa imkan verəcək. Artım ölkə Konqresi tərəfindən təsdiqlənməlidir.

ABŞ-nin 2027-ci il üçün hərbi büdcəsinin 1,5 trilyon dollara (1,3 trilyon avro) çatacağı gözlənilir. Prezident Donald Tramp "TruthSocial" sosial

media platformasında buna əmin olduğunu bildirib.

"Reuters"

agentliyinin verdiyi məlumata görə, bu məbləğ Konqres tərəfindən 2026-cı il

üçün təsdiqlənmiş 901 milyard dollardan (771 milyard avro) xeyli çoxdur.

D. Tramp bildirib

ki, o, bu qərarı senatorlar, Konqres üzvləri, katiblər - icra departamenlərinin

rəhbərləri  və digər siyasi nümayəndələrlə uzun və çətin danışıqlardan

sonra verib.

Ağ Ev rəhbəri bu

addımın Vaşinqtona "xəyal ordusu" yaratmağa, habelə "təhlükəsizlik

və mühafizəni" təmin etməyə imkan verəcəyini iddia edib.

 

ABŞ Prezidenti xərclərin "tariflər sayəsində" ödəniləcəyini vurğulayıb

 

 O, həmçinin ABŞ-nin milli borcun azaldılmasına davam edərək "orta gəlirli" amerikalılara dividend ödəyə biləcəyinə inandığını bildirib.

Təklif ABŞ Konqresi tərəfindən təsdiqlənməlidir.

Bu arada, "Reuters" qeyd edir ki, hərbi büdcədə hər hansı bir artım ABŞ Konqresi tərəfindən təsdiqlənməlidir və qeyd edir ki, hazırda həm Senatda, həm də Nümayəndələr Palatasında respublikaçıların kiçik bir çoxluğu var.

AFP-nin məlumatına görə, ABŞ artıq hərbi ehtiyaclara digər ölkələrdən daha çox pul xərcləyir. Daha əvvəl Tramp sosial mediada Vaşinqtonun NATO müttəfiqlərinin sədaqətinə şübhə ilə yanaşmışdı.

Bu arada, "Məsuliyyətli Federal Büdcə Komitəsi" analitik mərkəzi iddia edir ki, Trampın təkliflərinin həyata keçirilməsi 2035-ci ilə qədər 5 trilyon dollar (4 trilyon avro) tələb edəcək, təşəbbüs isə ABŞ-nin milli borcuna 5,8 trilyon dollar (4,9 trilyon avro) əlavə edəcək. Mərkəzin ekspertləri  hesab edirlər ki, xərclərin yalnız yarısı mövcud tariflərlə ödənilə bilər.

 

"Qızıl günbəz"dən "Qızıl donanma"ya

 

"Politico"nun yazdığına əsasən, "böyük artım", ehtimal ki, Donald Trampın "Qızıl günbəz" hava hücumundan müdafiə sistemindən tutmuş Hərbi Dəniz Qüvvələrinin modernləşdirilməsi üçün "Qızıl donanma" layihəsinə qədər bir neçə proqramının yüksək qiyməti ilə əlaqədardır. Ağ Evin məlumatına görə, hərbi dəniz qüvvələrinin yaxın illərdə inanılmaz dərəcədə genişmiqyaslı imkanlara malik yeni nəsil döyüş gəmiləri ilə təchiz edilməsi gözlənilir.

Rekord səviyyədə 901 milyard dollarlıq hərbi xərcləri nəzərdə tutan 2026-cı maliyyə ili üçün ABŞ müdafiə büdcəsi ilə

bağlı  qanun layihəsi Konqres tərəfindən 17 dekabr 2025-ci ildə qəbul edilib. Sənəddə, digər məsələlərlə yanaşı həm də, hərbi qulluqçuların əmək haqqının 3,8 faiz artırılması, hərbi texnikanın alınması və ABŞ-nin əsas rəqibləri Çin və Rusiyaya qarşı rəqabət qabiliyyətini gücləndirmək üçün tədbirlər nəzərdə tutulur.

 

Rizvan CƏFƏROV,

"Azərbaycan"

 

 

Seçilən
43
azerbaijan-news.az

1Mənbələr