Fotoqrafiya sahəsində inqilab yarada biləcək yeni kamera texnologiyası təqdim edilib. Karnegi Mellon Universitetinin alimləri tərəfindən hazırlanan eksperimental kamera məsafədən asılı olmayaraq, səhnədəki bütün obyektləri eyni vaxtda tam aydınlıqla təsvir edə bilir. Bu yenilik ənənəvi kamera sistemlərinin əsas məhdudiyyətini aradan qaldırır.
Mövcud kameralarda obyektiv yalnız bir fokus nöqtəsinə köklənə bildiyi üçün həmin nöqtədən kənarda qalan obyektlər – istər ön, istərsə də arxa planda olsun bulanıq görünür. Tam kəskin görüntü əldə etmək məqsədilə, adətən müxtəlif fokus məsafələrində çəkilmiş bir neçə şəkil sonradan birləşdirilir. Yeni texnologiya isə bu mərhələyə ehtiyacı tamamilə aradan qaldırır.
Tədqiqatçılar tərəfindən hazırlanmış “məkan üzrə dəyişən avtofokus” (spatially-varying autofocus) sistemi kameraya kadrın müxtəlif hissələrində fərqli dərinliklərdə fokuslanmaq imkanı verir. Bu yanaşma elə bir təsir yaradır ki, sanki hər pikselin özünə məxsus və müstəqil şəkildə tənzimlənən obyektivi mövcuddur. Sistem “hesablama obyektivi” (computational lens) texnologiyasına əsaslanır. Burada bir-birinə nisbətən hərəkət edən iki əyri kubik faza əsaslı işıq modulyatoru ilə birlikdə işləyir. Bu modulyator işığın hər piksel səviyyəsində necə yönləndiriləcəyini dəqiq tənzimləyir və nəticədə kamera eyni anda bir neçə dərinlik müstəvisində fokuslana bilir. Texnologiya həm kontrast əsaslı fokuslama, həm də faza aşkarlama üsullarını bir arada tətbiq edir.
Mütəxəssislər bildirirlər ki, bu yenilik kameraların ətraf aləmi qavrama üsulunu köklü şəkildə dəyişə bilər. Hələlik texnologiya kommersiya məqsədli kameralarda tətbiq olunmur və bazara çıxması üçün müəyyən vaxt tələb olunur. Bununla belə, alimlər bu yanaşmanın yalnız fotoqrafiya ilə məhdudlaşmayacağını vurğulayırlar. Yeni obyektiv texnologiyası mikroskopiyada daha dəqiq görüntülərin əldə olunmasına, virtual reallıq eynəklərində dərinlik hissinin artırılmasına, eləcə də avtonom avtomobillərin ətraf mühiti daha dəqiq analiz etməsinə geniş imkanlar aça bilər.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”