Avropa İttifaqına (Aİ) üzv ölkələr Qrenlandiya ətrafındakı vəziyyətin inkişaf ssenarilərini və Amerika tərəfindən Danimarkaya məxsus adanın mənimsənilməsi ilə bağlı bəyanatlar real olduğu təqdirdə ehtimal olunan cavab tədbirlərini müzakirə ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə Qahirədə keçirilən mətbuat konfransında Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Kaya Kallas bildirib.
Venesuela ilə bağlı Aİ-nin ehtiyatlı reaksiyası fonunda Qrenlandiya məsələsində mövqeyin dəyişib-dəyişmədiyi ilə bağlı suala cavab verən Kallas deyib ki, ittifaq ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipinə əməl edir və bunlara hörmətlə yanaşılmalıdır:
"Aİ və üzv dövlətlər Venesuela ilə bağlı beynəlxalq hüququn qorunmasının vacibliyindən bəhs edən bəyanatla çıxış edib. Bu məsələlər amerikalı həmkarlarla da müzakirə olunub".
Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, ABŞ-nin Qrenlandiya ilə bağlı bəyanatları narahatlıq doğurur:
"Danimarka Amerika Birləşmiş Ştatlarının yaxşı müttəfiqi olduğuna görə, bütün bu bəyanatlar dünyada sabitliyə kömək etmir. Beynəlxalq hüquq bu məsələləri çox aydın şəkildə tənzimləyir və biz ona əməl etməliyik, çünki bu, kiçik ölkələri qoruyan yeganə şeydir".